İDMAN

"Qarabağ"ın keçmiş baş məşqçisi dünyasını dəyişib

70 yaşlı Elbrus Abbasovun ölümünə COVID-19 virusu səbəb olub. Futbol veteranı bu yaxınlarda Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etmişdi.
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Sputnik Azərbaycan Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbol veteranı, Ağdamın "Qarabağ" komandasının keçmiş baş məşqçisi Elbrus Abbasov dünyasını dəyişib.

70 yaşlı futbol veteranının ölümünə COVID-19 virusu səbəb olub. Abbasov son vaxtlara qədər Ağdam rayonunun Quzanlı kəndindəki uşaq futbol məktəbinə rəhbərlik edirdi. Bu yaxınlarda "Qarabağ" klubunun oyunçuları və məşqçiləri ilə birlikdə işğaldan azad olunmuş Ağdam şəhərini ziyarət etmiş, elə bundan sonra da onda COVID-19 virusu aşkarlanmışdı.

Qeyd edək ki, Abbasov müxtəlif illərdə "Qarabağ", "Neftçi", "Kəpəz" futbol klublarında oynayıb. Bundan başqa, 90-cı illərdə "Qarabağ"ın baş məşqçisi olduğu vaxt onun rəhbərlik etdiyi komanda 1996/97-ci futbol mövsümündə ölkə çempionatının gümüş mükafatını qazanıb.