Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 13 dekabr — Sputnik. Tarixi qələbədə onun da payı böyükdür. 33 il öncə Mingəçevirdə dünya gələn Elnur Şirinov bu gün qalib ölkənin qəhrəman zabitlərindədir. Çətin döyüş yolu keçib qələbə də pay sahibi olan qəhrəman hərbçi artıq doğmalarının yanına qayıdıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində E.Şirinov qalib ölkənin zabiti olmaqla şərəf duyduğunu bildirib. Çətin döyüşlərin Şuşada keçdiyini deyən mingəçevirli mayor, Xarı bülbülün vətənini azad etdikdən sonra ermənilərin qüvvəsinin qalmadığını, artıq oların darmadağın olduğunu deyib:
"Mən Füzuli şəhərindən başlamışam döyüşə, açığı deyim bir gündə, bir saat, bir anda olsa belə mənim ağlıma gəlmirdi ki, torpaqlarımız birdən geri qaytara bilmərik. Tək məndə yox, döyüş yoldaşlarımda da elə bir ruh yüksəkliyi vardı ki, döyüşü uduzacağımız ağlımıza belə gəlmirdi. Biz o qədər özümüzə əmin idik. Çünkü qarşımızda olan erməni idi, biz artıq onları tanımışdıq, onların üstünə gedəndə qaçırdılar. Qaçan adamdan kim qorxacaq ki? Biz öz gücümüzü də, onların gücünü də bilirdik. Artıq Şuşa da alınanda Ali Baş Komandanın dediyi kimi, düşmənin belinin qırıldığını gördük".
44 günlük müharibədə şərəfli döyüş yolu keçən Elnur Şirinovu ölkə başçısı "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edib. Zəfər paradında iştirak edən qəhrəman zabitimiz, qazanılan qalibiyyətdə tək onun deyil şəhid, qazi və hazırda döyüşən hərbçiləri yoldaşlarının birgə əməyi olduğunu bildirib:
"Cənab ali baş komandanın verdiyi sərəncama əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşəm. Bu medalı mən tək qazanmamışam. Bu, döyüş yoldaşlarımın sayəsində onlarla birlikdə olduğum döyüş zamanı qazanılıb. Şəhidlərimizin, mənim tabeçiliyimdə olan şəxsi heyətin sayəsində bu medala layiq görülmüşəm. Sağ olsun Ali Baş Komandan ki, bu adı mənə layiq görüb. Biz döyüşçüyük, gördüyümüz işi qarşılıqsız edirik. Yenə də təşəkkür edirəm".
Mayor Elnur Şirinovun qalib hərbçi kimi evinə dönməsi ailəsini, övladlarını daha çox sevindirib. Anası Solmaz Şirinova oğlu ilə qürur duyduğunu deyir:
"Axırıncı dəfə oğluma zəng edəndə, 10 gün idi ki, onunla danışmamışdım. Dedim, oğul özünü qoru. O isə mənə dedi: "Ana, qismət. Mən vətən uğrunda döyüşürəm. Şəhid olsam da, fəxr edərsən ki, vətənim uğrunda şəhid olmuşam". Mən belə bir xoşbəxt anayam".
"Vətən Müharibəsi Qəhrəmanı" Elnur Şirinov ona verilən məzuniyyəti başa vurduqdan sonra yenidən xidmətini davam etdirəcək.