QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

DTX Hadrutda anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb: 4 şəhid, 3 yaralı

Erməni terrorçuların təxribatları nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti Hadrut qəsəbəsinin şimal-qərb hissəsində anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.
Sputnik

BAKI, 13 dekabr - Sputnik. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun  Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilib.

Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət edib.
Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bütün şəraiti təmin edib. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyü bildirib.

İlham Əliyev son terror aktı ilə bağlı Ermənistana xəbərdarlıq edib

Ümumiyyətlə, Rusiya Federasiyası sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və “itkin düşmüş”, “azmış” olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyəsi üçün məsuliyyətlə və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirib. Həmin erməni silahlı dəstələri ərazini tərk etməyib, əksinə, döyüş mövqeləri yaradıb və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törədiblər.

Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu  həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulmasına dair məlumat yaydı

Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb:

"Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir. Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir.
Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir".