QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Saat kimi dəqiq işləyən sistem: o, ölkənin birliyini təmin etməlidir

Torpağı geri aldıqsa, deməli, bu yerləri Azərbaycanın digər bölgələrilə nəqliyyat infrastrukturu ilə birləşdirməyi də bacarmalıyıq. 
Sputnik

Dünyanın bir çox inkişaf etmiş ölkəsində yaşayan millətlərin birliyini yalnız adət-ənənə, ümumi dil, mədəniyyət, iqlim şəraiti təmin etmir. Mükəmməl təhsil və səhiyyə sistemi, genişzolaqlı və sürətli internet, istənilən qədər etibarlı internet resursunun olması, bazarda dəqiq və dolğun məlumat paylaşan KİV-in bolluğu da hələ tam mənada cəmiyyətin birliyindən xəbər vermir.

Bakıdakı həyatı bir əyalət şəhərinin ritminə bənzətmişdi

London, Paris, Tokio, Nyu-York kimi nəhəng şəhərlərin həyat ritmi olduqca yüksəkdir. Hətta koronavirus pandemiyası bu sürətli axını, hərəkəti dayandırmaq gücündə deyil. Moskva kimi meqapolisdə artıq 5 dairəli nəqliyyat sistemi qurulub. Hətta metrosu da həmin dairəlik prinsipini gözləyir. Bir-biri ilə birləşən metro xətlərində hərəkət artıq dairə boyu reallaşır. Daha sonuncu dayanacaq anlayışı yoxdur.

Londonda uzun müddət yaşamış bir həmyerlimiz geri döndükdən sonra Bakıdakı həyatı bir əyalət şəhərinin ritminə bənzətmişdi. London Bakıdan xeyli sürətli şəhərdir. Nəqliyyat sistemi bir an belə dayanmır, gecə-gündüz hərə bir tərəfə dayanmadan hərəkət edir.

Texnoloji gücü, qüvvəsi olan istənilən ölkə ilk növbədə öz şəhərlərində həmin sürətli axını təmin etmək barədə düşünür. Ölkə daxilində birliyi və həmçinin xarici bazarlara çıxışı təmin etmək üçün ilk növbədə sürətli nəqliyyat infrastrukturunun yaradılması barədə düşünülür. Avropa Birliyinin istənilən ölkəsində sürətli qatarlar və metro şəbəkəsinin qurulması işi daima diqqətdədir. Dünyanın texnoloji nəhənglərindən olan Çin, Cənubi Koreya, Yaponiyada elə sürətli elektrik qatarları və metro bir sistemdə birləşdirilib. Bu başdan min, neçə yüz kilometr yolu qısa zamanda qət edərək o biri başda düş, necə deyərlər.

Sürətli, tıxacdan azad olan nəqliyyat infrastrukturu Avropanın birliyini tam mənada təmin edə bilib. İşə gecikmək, harasa vaxtında yetişməmək anlayışı yoxdur, qatarlar dəqiq və bilinən qrafiklə mənzil başına yetişirlər. Bu, həm də nəqliyyatın digər növlərinə dəqiq bir nizamla çalışmağa da şərait yaradıb. Məsələn, Finlandiyada harasa gecikmək anlayışı yoxdur. Səbəbi isə məhz dəqiqliklə işləyən nəqliyyatın olmasıdır. Bunu yarada bildinsə, həm meqapolisdə, həm də şəhərətrafı qəsəbələrdə sıxlıq, tıxac problem müşahidə olunmayacaq.

Şəkidə yaşayan insanla Astarada yaşayan vətəndaşı axı nə birləşdirir?

Azərbaycanda da artıq neçə müddətdir nəqliyyat infrastrukturunun mükəmməlləşməsi üçün layihələr həyata keçirilir. Ara-sıra Bakıda metro stansiyaları açılır, Bakının bəzi kənd və qəsəbələrindən keçərək Sumqayıta doğru sürət qatarları hərəkət edir. Hətta Bakını dairəvi formada əhatə edəcək tramvay xətlərinin inşası layihəsi də var. Hətta tramvay xərlərinin Gəncədə də inşa ediləcəyi barədə qərar var.

Bu cür nəqliyyat sistemi istənilən şəhər və qəsəbəyə tam normal qaydada yaşamağa imkan yaradır. Sürət qatarına, metroya və ya tramvaya mindinsə, daha tıxac probleminə birdəfəlik yox deyə bilərsən. Sürət elektrik qatarları həm də bir psixoloji sabitliyin göstəricisidir. Belə bir təmiz, rahat nəqliyyatla hərəkət etməklə insanda işə gedib-gəlmək həvəsi yaranır. Qatara mindin, 20-25 dəqiqəyə mənzil başına çatdın. İki saat ağzınacan dolu bir avtobusda yol gəlmək, tıxacda nəyisə gözləmək insanı elə işə çatmamış yorur. Axşam da eyni mənzərə: saatlarla evinə dönmək üçün zaman sərf etməlisən.

Ölkədə bu istiqamətdə iş gedir, amma bu prosesin tempi elə də ürəkaçan deyil. Metro tikintisi, elektrik qatar və tramvay xətlərinin inşası daha intensiv sürətlə getməlidir. Azərbaycanda yaşayan hər bir vətəndaş ölkənin istənilən regionuna da səfər etməyi rahatlıqla reallaşdırmalıdır. İlk növbədə böyük şəhərlər arasında sürətli qatarların hərəkəti təmin edilməlidir. Bu, olduqca vacib məsələdir. Şəkidə, Saatlıda, Bərdədə yaşayan insanla Lənkəran və Astarada yaşayan vətəndaşı axı nə birləşdirir? Əgər şəkili Lənkəranda, lənkəranlı Bərdədə, bərdəli isə Astarada heç vaxt olmayıbsa, onda milli birlik haqqında danışmağına belə dəyməz. Hərə öz regionunda, öz problemi ilə yaşayır.

Qarabağı Azərbaycana məhz yeni nəqliyyat sistemi birləşdirməlidir

İşğaldan azad olunmuş Azərbaycan ərazilərində köhnə nəqliyyat infrastrukturu tam sıradan çıxarılıb. Hərbi əməliyyat dövründə isə sərhədyanı ərazilərə də ciddi ziyan dəyib. Tərtər şəhəri yarıdağılmış vəziyyətdədir. Qarabağı Azərbaycana məhz yeni nəqliyyat sistemi birləşdirməlidir. Tam dağılmış şəhərləri yenidən tikmək lazım gələcək deyə nəqliyyat infrastrukturunu dünya standartlarına tam uyğun olaraq quraşdırmaq olar. Deyək, Ağdamda əvvəllər tramvay xətləri olmayıb, amma şəhər yenidən tikiləndə bu nəqliyyat növünün yaradılmasını layihələrə daxil etməyinə dəyər. Dəmiryol xətləri inşa ediləndə burada sürətli qatarların hərəkəti mütləq nəzərə alınmalıdır. Azərbaycanın hər bir yerindən digərinə ən minimal zaman sərf etməklə hərəkət etməyi rahatlaşdırmalıyıq. 

Yeni nəsil illərdir Qarabağ və işğala məruz ətraf rayonlar barədə yalnız KİV və internet vasitəsilə məlumat əldə edə bilib. Ərazilər bərpa olunduqca insanlar bu yerləri görmək istəyəcəklər, oraya bir dönüş olacaq. Sürət qatarları bu imkanı verə bilər. Tam mənada yeni nəqliyyat infrastrukturu qurulmalıdır.

Saat mexanizmi kimi dəqiq işləyən nəqliyyat sistemi hər bir ölkənin birliyini, tamlığını təmin edən vasitədir. Belə bir imkanı olan ərazidə dünya birliyinə inteqrasiya olmağa, turizm imkanlarını genişləndirməyə, yüklərin asanlıqla daşınmasına şərait yaradır. Torpağı geri aldıqsa, deməli, bu yerləri Azərbaycanın digər bölgələrilə nəqliyyat infrastrukturu ilə birləşdirməyi də bacarmalıyıq.