7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir
Öz müqəddəratını təyinetməyə qarşı çomaq
Bəli, müharibə bitdi, Qarabağ Azərbaycandır və nida işarəsinin nidasının nöqtəsi bu həftə Laçının azad edilməsi ilə qoyuldu. Ancaq yaxşı deyiblər, "sülh istəyirsənsə, müharibəyə hazır ol". Ermənistanın yeni xarici işlər nazirinin bölgədə davamlı əmin-amanlığın bərqərar olması üçün vacib şərtlər arasında "öz müqəddəratını təyin etmə" ilə bağlı sərsəm açıqlaması bu ölkənin revanş istəyini göstərməklə bərabər bizim də çomağımızı əlimizdən qoymamalı olduğumuzu göstərir.
Amansız PUA-lar
İkinci Qarabağ müharibəsində Ermənistanın məhv edilən və ya qənimət kimi götürülən hərbi texnikasının dəyəri minimum qiymətləndirmədə ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.
İndi Ermənistanda etiraz aksiyaları davam edir. Etirazçılar əsasən məğlubiyyətlə barışmayanlardır. Görünür, müharibə vaxtı onların çoxu isti evində olub, PUA-ların səslərini eşitməyiblər. Hə, yeri gəlmişkən, dornlarımız düşmənin təxminən 1,5 milyard dollardan çox dəyərdə texnikasını göyə sovurub. Buna görə bu aparata heykəl də qoymaq olar. Amma şübhəsiz, müharibəni qələbəyə çevirən əsas amil Azərbaycan əsgərinin ruhu, döyüş qabiliyyəti, döyüş əzmi idi. Daha böyük heykəli xalq qəlbində əsgərinə ucaldıb.
Onlar Parisi partladır
Dərvişlərə gərək yoxdur, fransız parlamentarilər Fransanın imicinə bomba qoyublar. Fransa Milli Assambleyasının "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi" adlı qətnaməsi hardan baxsan, nadürüst hərəkətdir: bu, birincisi, beynəlxalq hüquqa ziddir, ikincisi, Fransanın həmsədr mandatına xəyanətdir. Fransanın cənfəşanlığı heç də erməni xalqına ürək yanğısı deyil. Erməni diasporunun güclü olduğu bu ölkədə qarşıdan növbəti seçkilər gəlir. Digər bir tərəfdən Fransa Rusiya və Türkiyənin münaqişənin həllini sürətləndirməsindən və Parisin nizamlamadan kənarda qalmasından narahatlıq keçirib.
İkinci cəbhə
"Taclı bəla" bütün dünyanın başını qatmaqda davam edir. Bəlkə də biz heç vaxt ondan can qurtara bilməyəcək, bəlkə də heç vaxt onun təbii və ya süni yolla yayılması, əslində nə vaxt peyda olması barədə həqiqəti də öyrənə bilməyəcəyik. Məsələn, "Clinical Infectious Diseases" jurnalının məlumatına baxaq: "2019-cu ilin dekabr ayında ABŞ sakinlərindən toplanan qan nümunələrinin retrospektiv araşdırması zamanı məlum olub ki, Çində yeni virusun elan edilməsindən əvvəl də onların bəziləri COVID-19-a yoluxublar".
Və peyvənd axtarışlarının heç bir nəticə verməməsi insan nəslinin hələ kainatın sirlərinin çox az hissəsindən xəbərdar olması barədə mühakiməni haqlı çıxarır.
Bu arada ABŞ-ın "Time" jurnalı 2020-ci ili tarixin ən pis ili adlandırıb. Ümid edək ki, növbəti il 2020-ci ilə "rəhmət oxutdurmayacaq".
Süni ət
Bəli, süni ət yeməyə də hazır olmalıyıq. Sinqapur hökuməti Amerikanın "Eat Just" şirkətinin Sinqapurda becərilmiş toyuq əti satmasına icazə verilməsini qərarlaşdırıb. Bu tendensiyanın ərzaq böhranından əziyyət çəkən dünyaya genişlənəcəyinə şübhə yoxdur. Buna dair ciddi proqnozlar da var. Məsələn, Dünya İqtisadi Forumu hələ ötən il bildirmişdi ki, 10 il ərzində dünya ət bazarında süni ətin payı 30 faizi keçəcək.
Rassionumuzda süni qidaların artmasından sonra koronavirus kimi viruslarla bacaracağımıza inamımız da azalır. Gələcəkdə 90-100 yaşlı adam tapılsa, yəqin onu möcüzə kimi sərgiləyəcəklər.
Dəyərəm min cavana?!
Amerikalı ağırçəkili boksçu Mayk Tayson hər iki aydan bir döyüşmək istədiyini bildirib. İdmançının sözlərinə görə, əvvəllər ildə 15 dəfə rinqə çıxıb, indi də bu rəqəmə yaxınlaşmaq istəyir, ancaq öz imkanlarını da düzgün qiymətləndirir. Qeyd edək ki, noyabrın 29-da Tayson həmyerlisi Roy Consla qarşılaşıb. Onların döyüşü heç-heçə bitib.
Qocaqlıqda yorğalıq buna deyirlər.
P.S. Müəllif əmindir ki, Tayson "Sputnik"də köşə yazılarının oxucusu deyil.
Evimizin açarı
Bu həftə həm də Laçın həftəsi idi. Laçının işğaldan azad olunması ilə daha 3 rayonumuzun azad olunması prosesi sona çatmış oldu. Düşmən Kəlbəcər və Ağdamdan olduğu kimi, Laçından çıxarkən də evlərə od vururdu... Şübhəsiz, dərhal yada azərbaycanlıların öz doğma yurd-yuvalarından köçkün deşdüyü 90-cı illər gəlir, bir çöp belə götürməyən soydaşlarımız evlərini səliqə-səhmana salıb, qapısını qıfıllayıb çıxdılar, çünki qayıdacaqlarına əmin idilər. Ermənilər isə qayıtmayacaqlarına...
Fotodakı bizim Laçındakı evimizin açarıdır. Bu, yalnız bir evin 28 ildir saxlanılan açarı yox, həm də doğma torpaqlara qayıtmağa inamın rəmzidir.