BAKI, 5 dekabr - Sputnik. Azərbaycan çempionu "Qarabağ"da daha beş futbolçunun koronavirus testi müsbət çıxıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə klubun yaydığı açıqlamada deyilir.
Məlumata görə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən, Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib
Testin nəticələrinə görə, futbolçular Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə testin nəticəsi pozitiv olan daha iki futbolçunun - Mahir Emreli və Abbas Hüseynovun - müalicələri davam etdirilir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.
Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da koronavirusa yoluxub.