Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 2 dekabr — Sputnik. 44 günlük zəfər tariximizin yazılmasında müzəffər Azərbaycan ordusu ilə yanaşı tibb işçilərimizin də rolu danılmazdır. Onların arasında düşmənin namərd gülləsinə tuş gələrək şəhid olanlar, kişi kimi hərbçilərlə çiyin-çiyinə vuruşan ağ xalatlı zərif cinsdən olan tibb işçiləri də oldu.
Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti artıq uzun illərdir Türkiyədə çalışan azərbaycanlı tibb bacısı Ceyhunə Günərdir. O dar gündə vətənini qorumaq üçün geri dönüb.
- Cəbhə bölgəsində çalışmaq böyük hünər tələb edir. Təbii ki, qadınlar üçün cəbhə bölgəsində çalışmaq daha böyük riskdir. Öncə cəbhədə əsgrələrimizi xilas edən tibb bacımızı tanıyaq.
- 41 yaşım var, Naxçıvanda doğulmuşam, 12 yaşımdaykən Bakıya köçdük. Uşaqlıqdan ingilis dilini çox sevdiyim üçün ya ingilis dili müəllimi, ya da tərcüməçi olmaq istəyirdim. Amma rəhmətlik atam buna razı olmadı, o mənim həkim olmağımı istəyirdi deyə onun arzusunu reallaşdırmaq üçün özümü bu peşəyə yönəltdim. Azərbaycan Tibb Universitetinə hazırlasam da, balım çatmadı və tibb bacısı oldum. İşimdən zövq alsam da, amma sanki qəlbimin bir köşəsində ingilis dili sevgisi qalmışdı. İllər sonra, 2007-ci ildə ailə quraraq Türkiyəyə köçdüm, 2009-cu ildə qızımız dünyaya gəldi. Daha sonra Türkiyədə özəl xəstəxanaların birində çalışmağa başladım, sınaqlara girdim, uğur qazandım və işimi Kilisdə davam etdirməli oldum. Bu səbəbdən də bir müddət ailəm və qızımdan ayrı qalmalı oldum. Artıq qızım məktəbdə oxuyurdu, mən onun yanında olmalı idim, amma işimlə əlaqədar uzaqda idim. Kilisdə olduğum zaman Türkiyədə terror olaylarının ən pis dövrü idi. Eyni zamanda Suriyada da vəziyyət yaxşı deyildi. Hər gün yaralılarımız olurdu. Bizim peşəmiz elə bir peşədir ki, insanlar arasında fərq qoymadan vəzifəmizi yerinə yetiririk. Amma təsəvvür edin ki, yaralanan biri öz qanından olanda o işin içinə həm də duyğularını əlavə etmiş olursan. O günlər orada türkman qardaşlarıma xidmət etdiyim üçün özümlə, peşəmlə daha çox qürur duymuşdum. İlk dəfə onda, nə yaxşı ki, atama qulaq asıb, bu peşəyə yiyələndim, dedim. 40 gün Kilisdə qaldıqdan sonra yenidən övladıma, ailəmə qovuşdum və söz verdim ki, bir daha ayrılmayacağıq. Türkiyədə ürək-damar cərrahiyyəsində, reanimasiyada, ümumi cərrahiyyə bölməsində çalışıram, eyni zamanda da təhsilimi də davam etdirirəm.
- Azərbaycana qayıdışınızdan danışardınız.
- 27 sentyabrda səhər ermənilərin atəşkəsi pozduğu və Azərbaycan ordusunun bu atəşkəsə cavab verməsi xəbəri ilə oyandıq. Vətəndə nəsə baş verirsə, biz burada özümüzü tikan üstündəki kimi hiss edirik. Bu hadisədən iki ya öncə də namərd düşmən hücumu nəticəsində şəhidlərimiz olmuşdu. Bu dəfə sağ olsun Ali Baş Komandan İlham Əliyev savaş əmrini verdi. Bu xəbərə çox sevindik, bu özlüyündə elə torpaqlarımızı geri alacağımızdan xəbər verirdi. Biz də ona qədər prezidentimizi dəstəklədik. Artıq müharibə günü-gündən dərinləşirdi, torpaqlarımızı almağa başlamışdıq, eyni zamanda da şəhidlərimiz, yaralılarımız var idi. Təbii ki, bu bizi üzürdü. Nə qədər ananın bağrı yandı, nə qədər atanın beli büküldü, nə qədər gəlinin gözü yoda qaldı, neçə-neçə boynu bükük övladlar oldu?! Ölüm savaşın qaçılmaz bir nöqtəsidir. Çünki torpaq uğrunda ölən varsa, Vətəndir. Azərbaycana qayıdışımdan danışım. Deməli, bizim bir dərnəyimiz var Azerbaycan Qadınları Kültür Mərkəzi - Azerbaycan Qadınları Mədəniyyət Mərkəzi. Eyni zamanda da "WhatsApp" qrupumuz da var. Bu qruplarda kiminsə bir problemi olduqda paylaşır və biz də bundan xəbərdar oluruq. Azərbaycanın özəl günlərində isə bir yerə toplaşırıq bayramları qeyd edirik. Rəhbərimiz Cəvahir Əhmədov başda olmaqla digər xanımlardan da hər zaman dəsətk almışıq. Xanımlarımızdan biri "Türkiyədəki azərbaycanlı tibb işçiləri könüllü olaraq tibbi dəstək göstərmək üçün Azərbaycana gələcəklər" başlıqlı bir xəbər paylaşdı. Müraciət üçün son tarix də qeyd olunmuşdu. O an üçün ürək döyüntümü qulağımda hiss etdim, özlüyümdə "mən də getmək istəyirəm", dedim. Yoldaşım bu istəyimə etiraz etmədi, dedi, "get, ora sənin vətənindir". Beləcə uzun prosedurdan sonra vətənimə gəldim. Vətənə qayıdıb ən dar gündə xidmət göstərməkdən böyük nə qürur ola bilər ki?! Biletləri aldıq, çantaları yığdıq, övladlarımı isə kəndə anamgilə gödərdim.
- Övladlarınızın reaksiyası necə oldu?
- Qızım dedi ki, "ana, getmə, sənə bir şey olsa neyləyərik, qardaşım da çox balacadır". Qızım 12 yaşında olduğudan onunla söhbət etdim, gözlərinin içinə baxdım və soruşdum: "Qızım, mən sənə hər zaman Vətən və bayraq daha öndədir, demədimmi?! Hə ana demişdin", dedi. Qızım artıq hər şeyi dərk edirdi, 3 yaşlı oğlum isə sadəcə olaraq işə gedəcəyimi düşünürdü. Onlardan ayrılmaq mənim üçün çətin olsa da, getmək məcburiyyətində idim, artıq oktyabrın 10-da biz Azərbaycana yardım edən tibbi personal olaraq Türkiyəni tərk etdik. Əslində dəqiq olaraq hara gedib harada çalışacağımla bağlı heç özümə belə sual vermədim. Bir onu bilirdik ki, vətənin dar günü üçün geri qayıdırıq. Məni Ağcabədiyə - Mərkəzi Xəstəxanaya təyin olundum. Biz cəbhədən gələn yaralı əsgərlərimizə xidmət edirdik. Fəaliyyətə başlayanda bizə dedilər ki, xəstəxana çevrəsində əsgərlərlə şəkil çəkdirmək qadağandır, çünki xain düşmən dəfələrlə xəstəxana ətrafını da nişan alıb. Bu səbəbdən axşamlar xəstəxana və ətrafdakı ərazilərdə işıqlar sönülü olurdu. Biz axşamlar gecə lampaları ilə çalışırdıq. Orada ikən Gəncə, Tərtər və və Bərdədə baş verən olaylar bizi çox üzürdü. Vətən, millətimiz üçün qorxurduq. Bu ərəfədə İzmirdə zəlzələnin baş verməsi isə ürəyimizi iki hissəyə böldü.
- Bir sözlə, bu dəfə tam olaraq müharibənin ən qaynar nöqtəsində idiniz, dəhşətləri daha yaxından görürdünüz.
- Bəli, müharibəni daha yaxından hiss edirdik, biri var televizordan izləyirsən, bir də var ki, hadisələrin canlı şahidi olursan. Bunadək də peşə fəaliyyətimlə əlaqədar olaraq çox insan ölümü ilə rastlaşmışdım, düzdür, hər dəfəsində üzülürdüm, amma bu başqa bir şeydir. İnanın, gördüyümüz hər şeyi bizi yandırırdı. Yadımdadır, bir gün gecə növbəsində idim, bir yaralı əsgər vardı, özündə deyildi, səhərə qədər, "ana, ay, ana", deyə sayıqladı. Hər dəfə ana, deyəndə yanına getdim, "can balam", dedim. İki ayağını itirdiyini bilən əsgərin "vətən sağ olsun", yaxud da "məni tez sağaldın, yoldaşlarım şəhid olur, gedim qisasını alım, 20-30 erməni öldürüm", deyərək necə qisas hissi ilə yandıqlarının, məğrurluqlarının da şahidi oldum. Şuşanın xəbərini alanda sevincimizin həddi-hüdudu yox idi. Belə bir gündə vətənimdə olduğum üçün bir daha qürur duydum ki, nə yaxşı ki, atamın məsləhətinə qulaq asmışam. Ümumiyyətlə, burada çox şey məni təsirləndirdi. Azərbaycanda tanıdığım qadınlar vardı, deyirdilər ki, cəbhəyə gtməyə hazırıq, əlimizdə sialh tuta bilməsək də, əsgərimizə yemək bişirərək, paltarlarını yuyarıq, yaralıların altını təmizləyərik. Ona görə bu zəfər başdan-ayağa hamımızın zəfəridir.