YAZARLAR

Uğurlu sahibkarın arsenalı: xırda pul, POS terminal, şirin söz, gülərüz ifadə

Bəzi ziyanlı adətlər də pul qıtlığına səbəb olur. Məsələn, insanlarda daxıla xırda pul toplamaq ənənəsi var.
Sputnik

Sizdə 50 manata xırda olmaz? Bəlkə iyirmiliyə xırda tapılar? Bu kimi ifadələri tez-tez mağaza və müxtəlif ticarət mərkəzlərində eşidirik. Bəzən elə ofis daxilində də kimsə bir əsginasla gəzib xırda axtarır. Xırda pul tapılmır ki, tapılmır.

Kiçik məhəllə dükanlarında xırda pul daima tapılmır

Pulu xırdalamaq problemi həm taksidə, həm aptekdə, həm də bazarda hiss olunur. Bazarda bəzən elə də böyük olmayan pulu bu ona ötürür, o da buna. Güc-bəla ilə xırdalayırlar. 5, 10, 20 manatı rahat xırdalamağın yolu hələ də kart sisteminə keçməyən marşrutda olur. Burada xırda nə qədər desən var, hətta bəzən xırda puldan bezib bir ovuc qəpiyi benzindoldurma məntəqəsinə təhvil verirlər.

Kiçik məhəllə dükanlarında isə xırda pul daima tapılmır. Gündəlik alver böyük deyil deyə 50 və ya 100 manatı burada xırdalamaq mümkünsüzdür. Hətta dükandan nəsə alanda belə gərək yanında xırda pulun ola, yoxsa alver baş tutmayacaq. Bir sıra iri satış şəbəkəsində pul xırdalamağa icazə yoxdur, nəsə mütləq almalısan. Kiçik də olsa, bir mal alsan, bir söz demədən qalığı verəcəklər, amma almalısan. Bunu, əslində, uğurlu marketinq gedişi saymaq olar. Dükan və ya şəbəkə pul xırdalamaq yeri deyil, bura alış-veriş məntəqəsidir. Alver elə, pulunu xırdalayaq.

Xırda pul məsələsi çox zaman sahibkarın səriştəsizliyinə bağlıdır

Pulu problemsiz yalnız banklarda fəaliyyət göstərən valyuta məntəqəsi və ya kassada xırdalamaq olar. Müraciət etdikdə, xırdalayırlar da. Amma pul xırdalamaq bankın işi deyil əsla. Yəni, göstərilən xidmət siyahısında pul xırdalamaq öhdəliyi də yoxdur. Sadəcə pulla işləyən təşkilat olduğuna görə hər bir bank pulu xırdalamalıdır bir növ. Bəzən xırdası da olmaya bilər. Bank özü pul çap eləmir, gərək kassaya pul gələ ki, müştəriyə bu xidməti göstərmək mümkün olsun. İri supermarket və ya ticarət şəbəkəsi xırda pulu əldə etmək üçün hesabı olduğu bankdan onu əvvəlcədən sifariş verməlidir. Marketlər hətta əlində xeyli xırda pulu, qəpiyi olan vətəndaşdan da qəbul edib onu iri əsginasla əvəzləyirlər. Mümkün olan kanallarla alış-verişin bir an belə dayanmasına yol verməmək üçün xırda pulu toplayırlar.

100 və 200 manat dəyərində olan iri əsginaslar adətən marketdə ayrıca yığılır. Hərdən digər əməkdaşlar isə ara-sıra xırda pulu kassaya təhvil verirlər. Xırda pul olmasa, kassada toplaşan müştərilərin çox uzun növbəsi yaranar. Kiçik dükanda, elə də böyük dövriyyəsi olmayan marketlərdə də xırda pul məsələsi çox zaman sahibkarın səriştəsizliyinə bağlıdır. Bir çox satıcı deyir, mən nə edə bilərəm, dükanın yiyəsi axşam gəlib pulu kassadan götürərək onu sıfırlayab. Səhər alverinə xırda pul yoxdur. Hər gün əlində pulla ora-bura qaçaraq onu xırdalamağa çalışan satıcının üzləşdiyi çətinliyi müşahidə edirik.

"Bura pul xırdalamaq yeri deyil"

Kiçik biznesi olan sahibkar obyektdə xırda pul saxlamaq istəmir, yəqin satıcıya etibar eləmir bəlkə də. Amma biznes daim gərginliklə işləyir. Satıcı da bir gün ora-bura qaçır, iki gün, sonra biganələşir. İri əsginası görən kimi deyir, xırda yoxdur, vəssalam. Satıcının çoxu olduqca kiçik maaşa işləyir, bu heç kim üçün sirr deyil. Belə olan halda sahibkar öz biznesini düşünmürsə, satıcı niyə onun yerinə düşünməlidir? 300 manat maaşa satıcı həm mal satmalı, həm pul xırdalamalı, həm kamera yerinə nəzarətçi olmalıdır, çünki hər oğurlanan mala görə də cavabdehdir. Dükanı qoyub getdisə, həmin məqamda guya alverə gələn müştəri bəzən əlinə keçəni atır çantasına. Həm pulunu xırdalayır, həm də oğurluq edir.

Kiçik obyekt yiyəsinin bir çoxu elə köhnə qayda ilə alver edir. Amma dünya dəyişib, indi insanları bəyənmədiyi nəyisə almağa məcbur etmək çox çətin olub. Bu dükan olmasın, o birisi olsun. Gedib istədiyini başqa yerdən alacaq, daha 20 və ya 50 manatı xırdalamaq kimi problemi düşünməyəcək. Digər dükanda xidmət yaxşı olsa, deməli alveri də gedəcək. Dükan var, kiçik alver edirsən, bəzən "bura pul xırdalamaq yeri deyil" kimi acıqlı ifadələrlə qarşılaşırsan. "2 manatlıq alver edib 100 manat verirsənsə, deməli amalın saf deyil" kimi düşünən sahibkarın sayı bir deyil, iki deyil. Onların dükanı bağlanacaq bir gün.

Nəinki qəpik, hətta 1 və 5 manatı da toplayan az deyil

Xırda pul probleminin yaranmasının başqa səbəbləri də var. Ölkədəki pul dövriyyəsində xırda pul çatışmır, bu həqiqətdir. Hələ uzun illər öncə, metal pul formasında 1 və 5 manatlıq pulların buraxılması təklif edilmişdi. Bu siyahıya hətta yeni 2 manatlıq metal pulların da buraxılmasını əlavə etmək olar. Metal pullar kağıza nisbətən daha çox xidmət edir, orta hesabla 25-30 il işə yarayırlar. Dövriyyəyə daha çox xırda pul buraxmaq lazımdır. Bəzi ziyanlı adətlər də pul qıtlığına səbəb olur. Məsələn, insanlarda daxıla xırda pul toplamaq ənənəsi var. Nəinki qəpik, hətta 1 və 5 manatı da toplayan az deyil. Nəticədə məhz ehtiyac duyulan pullar tapılmır.

Son on ildə onlayn vasitələrin artması, elektron və nağdsız hesablaşma imkanlarının mövcudluğu bir sıra hallarda kağız və metal pula olan tələbatı xeyli azaldıb. Nəqliyyatın çox hissəsi kartla ödənişə keçib, bank kartı ilə kommunal xərclərin bir çoxunu internetdən ödəmək olar. Mobil əlaqə üçün pul yükləmək, bank kreditini və üstünə yazılan cəriməni məsafədən ödəmək olar. Elektron ticarət isə yalnız internetdən ödənilir, nağd yolla ödəmək mümkün deyil.

Onlayn ödəmə imkanları asanlaşdıqca, xırda pul problemi aradan qalxa bilər

Nağdsız ödəmə imkanlarını artırmaq üçün hazırda bir neçə layihə də reallaşır. Məsələn, Şamaxının bəzi avtobus xətlərində artıq ödəməni bank kartı və ya mobil qurğunun köməyi ilə reallaşdırmaq olar. Bu, yaxşı təşəbbüsdür. Nəqliyyat kart sisteminə keçsə də, bunu tam mənada onlayn sistem saymaq olmur. Çünki mövcud olan kartlara da pulu gərək nağd yolla aparatdan yükləyəsən. Bakı Nəqliyyat Agentliyi artıq neçə ildir bu kartlara məbləğin internetdən yüklənə bilməsi üçün xüsusi imkanların yaradılacağı barədə açıqlamalar versə də, sistem hələ də yaradılmayıb. Pul yükləmək üçün nəqliyyat bankomatların önündə yaranan növbələr insanları narahat etməkdədir.

Ölkədə işıq və qaz sayğaclarının yenilənməsi prosesi davam edir. Yeni tip sayğac tam olaraq internetə inteqrasiya edilib deyə daha harasa getməyə ehtiyac yoxdur, hər bir ödəmə elə internetdən olacaq. Azərbaycan Dəmir Yollarında da bəzi yeniliklərin olacağı gözlənilir. Bank kartları ilə birbaşa ödəniş etməklə hazırda Bakı və Abşeronda hərəkət edəcək elektrik qatarlarında hərəkət etmək mümkün olacaq.

Onlayn ödəmə imkanları asanlaşdıqca, ticarət şəbəkəsində hər gün rastlaşdığımız xırda pul problemi də tədricən aradan qalxa bilər. Xırdalama prosesində təkcə pulun özü yox, həm də əsginasın keyfiyyəti də münaqişə probleminə çevrilə bilər. Cırıq, əzik, üzülmüş pulları nə bu tərəf, nə də o tərəf götürmək istəmir.

Müasir texnologiyalar həyatımızda yaranan bir çox kiçik, psixoloji problemləri aradan qaldırmağa ciddi kömək edə bilər. Amma hər bir çətinliyin aradan qalxması birbaşa insan amilinə bağlıdır. Bazarda qalıb işləmək istəyən sahibkarın həm xırda pulu, həm də normal işləyən POS terminalı olmalıdır. Ehtiyatda şirin sözü, üzündə isə gülərüz ifadəsi də işə yarayar. Hər bir müştəri qızıl kimi qiymətlidir.