CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.
Sputnik

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.