BAKI, 16 noyabr — Sputnik. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağ ətrafındakı vəziyyətin inkişafını ətraflı şəkildə müzakirə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
"Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Fransa Respublikasını Emmanuel Makron arasında telefon danışığı baş tutub. Rusiya və Fransanın ATƏT-in Mink qrupunda həmsədrliyi nəzərə alınmaqla Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı ətraflı şəkildə müzakirə edilib", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də (sonradan bu müddət noyabrın 25-dək uzadıldı) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.