Masallı rayonu Xırmandalı kənd sakini Əmirəli Yaqubov 20 il bundan əvvəl Kənd Mədəniyyət evində muzey yaradıb. Onun yaratdığı muzeyin ən dəyərli eksponatı isə bir vaxtlar Şuşa şəhərinin qərargahından dalğalanan bayraqdır. 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə, zabitlərdən biri onu qoruyub saxlayıb. Daha sonra isə bayraq muzeydə saxlanması üçün Yaqubova verilib.
“Bu bayraq 8 il bundan qabaq kənddə vətənpərvər mövzuda tədbir keçirilərkən mənə hədiyyə verilib ki, muzeydə qorunub saxlansın. Mən də onu həmin gündən göz bəbəyim kimi qoruyuram”, deyə muzeyin yaradıcısı Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə paylaşıb.
Yaqubovun dediyinə görə, bayraq Şuşa şəhəri uğrunda döyüşlərdə olub. Bayraq ona veriləndə, üzərində qan ləkəsi var imiş, o isə bilmədən ləkəni yudurub.
İllərdir bu bayrağı yenidən Şuşada sancmaq arzusu ilə yaşayan Yaqubovun arzusu nəhayət ki, çin olacaq.