BAKI, 3 noyabr - Sputnik. "Fosfor silahının istifadəsində Ermənistanın geniş təcrübəsi var. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı".
Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
"ATƏT nümayəndələrini - hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi", - deyə H.Hacıyev qeyd edib.
O, həmçinin oktyabrın 8-də Ermənistan ordusu tərəfindən Füzuli rayonuna atılmış, amma partlamamış fosfor bombasının ANAMA tərəfindən zərərsizləşdirilməsinin görüntülərini də yayıb.
"Mülki obyektlərə qarşı aktiv surətdə fosfor bombaları tətbiq edən Ermənistanın Azərbaycanı günahlandırması tipik günahı boynundan atma və məsuliyyətdən yayınmadır", - H.Hacıyev qeyd edib.