ELM

Laqeydlər və fədakarlar: Təhsilimiz sınaq qarşısında

Ölkəmizdə mart ayında tədris prosesi dayandırıldıqdan sonra Təhsil Nazirliyi “Tele dərs”, “Virtual məktəb” layihələrinə başladı. Təəssüf ki, bu layihələrin icrasını indiki halda uğurlu hesab etmək olmaz.
Sputnik

İlin əvvəlindən həyatımıza daxil olan, bütün reallıqları dəyişib alt-üst edən COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tamamilə fərqlənın, alışmadığımız situasiya yaratdı. Sosial-iqtisadi prioritetlərin yenidən gözdən keçirilməsi qaçılmaz oldu. Dünya, bu bəladan qurtulmaq üçün olduca çevik qərarlar vermək məcburiyyətində qaldı. Ölkələr bu situasiyadan daha az itkilərlə çıxmaq üçün xüsusi strategiyalar müəyyənləşdirdi. Ölkəmiz də bu savaşın bir parçasıdır. Müəyyən səhvlər, yanlış addımlar, düzgün hesablanmamış qərarlar olsa da, bu savaşda ölkə olaraq strategiyamız vətəndaşlarımızı qorudu, yoluxmanın kütləvi hal almasının qarşısı demək olar ki, alındı.

Bu gündən distant təhsilə başlanılır

Pandemiya ilə savaşdığımız müddətdə dövlətin səhiyyə sahəsində, sosial-iqtisadi məsələlərlə bağlı atdığı addımlar əhalinin panikaya düşməsinin, pandemiyanın daha ağır təsirlərinin yaranmasının qarşısını ala bildi.

Çox təəssüf ki, pandemiya dönəmində təhsil sistemimizə ağır zərbə dəydi. Pandemiyanın ilkin mərhələsində ümumiyyətlə təhsil sistemimiz pandemiyaya qarşı savaşda məğlub görünürdü. Aydın məsələdir ki, ilk dəfə qarşılaşdığımız bu bəlaya qarşı necə mübarizə aparmaqla bağlı kifayət qədər təcrübəmiz yox idi. Zaman keçdikcə bu bəlayla savaşmaqda yeni təcrübələr, yeni uğurlar əldə edildi. Dünyada həm təhsil, həm yaşam standartları ilə bağlı yeni vəziyyətə adaptasiya prosesi sürətləndi.

Ölkəmizdə mart ayında tədris prosesi dayandırıldıqdan sonra Təhsil Nazirliyi “Tele dərs”, “Virtual məktəb” layihələrinə başladı. Təəssüf ki, bu layihələrin icrasını indiki halda uğurlu hesab etmək olmaz.

Bu məqamda həm müəllimlərin, həm də valideyinlərin üzərinə böyük məsuliyyət düşürdü. Təəssüf ki, əksər müəllimlər distant təhsilə laqeyd yanaşdığı kimi, valideyinlər də bu prosesi ciddiyə almadı və yaxud adekvat reaksiya verə bilmədi.

İnternetdən və elektron resurslardan istifadədə təcrübəsizlik, internetin sürəti, ucqar kəndlərdə internetin keyfiyyəti ilə bağlı problem, müəllimlərin bir qisminin bu prosesə barmaqarası baxmağı, validyinlərin təcrübəsilikdən və ya məsuliyyətsizlikdən yeni şərtləri mənimsəyə bilməməsi və şagirdlərin nəzarətsiz qalmağı bu gün təhsilimizə çox ciddi zərbə vurur.

Teledərslərin davam etdirilməsinin səbəbi açıqlandı

Xüsusilə məktəbəqədər təhsildə yaranan boşluq və problemlər daha ciddidir. Nazirlik bu boşluğu aradan qaldırmaq üçün cəhdlər etsə də, mövcud şərait və imkanlar məktəbəqədər təhsilin də keyfiyyətinə çox ciddi şəkildə mənfi təsir göstərir.

Ölkəmiz iki cəbhədə – həm pandemiya, həm də Qarabağ cəbhəsində savaş aparır. Hər iki savaşın övladlarımızın təhsilinə və gələcəyinə mənfi təsiri danılmazdır. Döyüş bölgəsinə yaxın ərazilərdə yaşayan şagirdlərin vəziyyətini təsəvvür etmək çətin deyil. Hər an raket hücumuna, mərmi yağışına məruz qalmaq xofuyla yaşayan övladlarımızdan, müəllimlərimizdən keyfiyyətli təhsil gözləmək demək olar ki, mümkünsüzdür. Düşmən hücumu həlak olan məktəblilər mənzərənin necə qorxunc və təhlükəli olmasının bariz nümunəsidir.

Alışmalı olduğumuz yeni reallıqlar müəllim peşəsinin nə dərəcədə vacib və əhəmiyyətli peşə olmasını bir daha təsdiqlədi. İnternet əsrində müəllim peşəsinə tələbatın azalacağını düşünənlər məhz pandemiya dövründə başa düşdülər ki, müəllimlik alternativi olmayan peşələrdəndir.

Pandemiya və müharibə bəlasını eyni dönəmdə yaşayan cəmiyyətimizdə fədakarlıq gözlədiyimiz peşə sahibləri sadəcə həkimlər, polislər, hərbçilər deyil. Bu gün cəmiyyətimiz müəllimlərimizdən də fədakarlıq gözləyir. Təhsildə yaranan yeni şərtlərə çevik uyğunlaşmaq, şagirdlərin təhsilə marağını artırmaq, valideyinlə düzgün ünsiyyət qurmaq, daha böyük həvəslə tədris prosesini sevdirmək müəllimlərimizdən böyük fədakarlıq tələb edir.

Pandemiya bizə öyrətdi ki, rəqəmsal bacarıqlara yiyələnmək hər birimiz üçün həyati əhəmiyyət kəsb edir. Xüsusilə təhsil sahəsində çalışanlar bu bacarıqlarını daha sürətlə və çevik şəkildə inkişaf etdirməli, yeni reallıqlara adekvat davranmalıdır.

Rəqəmsal inkişafı mənimsəmədən, mövcud şəraitlə ayaqlaşmaq mümkün deyil.

X-XI sinif şagirdləri əyani formada tədrisə cəlb ediləcəklər

Yuxarıda qeyd etdiyim kimi, biz ölkə olaraq iki cəbhədə savaş aparırıq. Hər iki savaşdan qalib çıxmaq üçün böyük fədakarlıqlar tələb olunur. Qələbə, zəfər naminə hər kəs üzərinə düşəni artıqlaması ilə etməyə borcludur.

Bu gün səngərdəki hərbçilərlə, xəstəxanada günlərlə yuxusuz qalan həkimlərlə yanaşı müəllimlərimizin üzərinə də böyük məsuliyyət düşür.

Təhsilimizin indi vəziyyəti hər birimizi narahat etməlidir. Bu gün təhsilə laqeyd yanaşan hər kəs, illər sonra böyük peşimanlıq yaşaycaq. Bütün imkanlarımızı səfərbər edib, təhsilimizə daha ciddi yanaşmalıyıq. Çünki qələbədən sonra bizim təhsilli insanlara, mütəxəsislərə daha çox ehtiyacımız olacaq.

Bütün cəbhələrdə qələbə qazanmağımız üçün, gələcəyimizin daha parlaq, daha işıqlı və gözəl olması üçün fədakarlığa ehtiyacımız var.

Təhsil işçilərimizdən məhz bu fədakarlığı gözləyirik.