QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan fosfor silahları ilə Topxana meşəsini yandırıb

Hikmət Hacıyev: "Bu günlərdə Ermənistan tərəfindən Şuşa meşələrinin yandırılmasında, eləcə də Azərbaycan üçün əziz olan Topxana meşəsinin yandırılmasında fosfor silahlarından istifadə edilib".
Sputnik

BAKI, 3 noyabr — Sputnik. "Döyüş meydanında uğursuzluqla üzləşən Ermənistan Azərbaycana qarşı assimetrik və hibrid müharibə aparmağa başlayıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu gün Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı terror əməlləri törədir:

"Xarici ölkələrdə Ermənistanın ASALA və digər terror təşkilatları fəaliyyət göstərir: "Ona görə də vətəndaşlarımıza ayıq-sayıq olmağı tövsiyə edirik. Xaricdə olan Azərbaycan vətəndaşlarına, diaspor nümayəndələrinə qarşı terror əməlləri törədilə bilər. Bu səbəbdən xaricdə olan vətəndaşlarımız diqqətli olmalıdırlar".

H.Hacıyev onu da əlavə edib ki, Ermənistan qadağan olunmuş fosfor silahlardan istifadə edir. Onun sözlərinə görə, oktyabrın 8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər ərazisində fosfor mərmisinin düşdüyü məntəqəni müəyyən edib:

Obyektiv xarici jurnalistlər ermənilər tərəfindən hədələnir - Hikmət Hacıyev

"Ermənistan fosfor silahlarından geniş şəkildə istifadə edir. ANAMA tərəfindən müəyyən edilən fosfor mərmisi neytrallaşdırılıb. Bu günlərdə Ermənistan tərəfindən Şuşa meşələrinin yandırılmasında, eləcə də Azərbaycan üçün əziz olan Topxana meşəsinin yandırılmasında fosfor silahlarından istifadə edilib. Dəqiq kəşfiyyat məlumatlarına əsasən, Ermənistan tərəfindən Xocavənd istiqamətinə fosfor məmulatları gətirilib. Böyük həcmdə gətirilən fosfor məmulatları yandırıcı qüvvəyə malikdir. Həmçinin, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərində də ağ fosfor tərkibli silah və mərmilərdən istifadə edirlər. ANAMA tərəfindən verilən son məlumata görə, Tərtər rayonunda üç fosfor mərmisi düşən məntəqə müəyyən edilib.

Onların bir çoxu əkin sahələrinə düşüb. Ekspertiza göstərir ki, yumşaq torpaq səthinə düşən mərmilər bir çox hallarda partlamır və torpağı dəlib altına keçirlər. Belə olan hallarda da onların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir. Ağ fosfor tərkibli silahların tərkibi insan sağlamlığı üçün ciddi təhlükədir. Ağ fosfor tərkibli silahlar tənəffüs və həzm yolları ilə bədənə daxil olduqda zəhərləyici gücə malikdir.

Yanmış nahiyədən bədənə daxil olan ağ fosfor dəri ilə təmasda olarkən sümüyə qədər daxil ola bilir. Belə bir silahlar dəri ilə təmasda olduqda qismən və ya dərin kimyəvi yanıqlara səbəb ola, xüsusilə qaraciyər, böyrək, bağırsaq kimi orqanlar üçün ölümlə nəticələnən fəsadlar yarada bilir".