BAKI, 2 noyabr — Sputnik. Azərbaycanın ağırlıqqaldırma idman növü üzrə beynəlxalq dərəcəli hakimi Qadir Babayev 67 yaşında vəfat edib.
Sputnik Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, Babayev bu gün gözlənilmədən dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.
Cəlilabad rayonunda anadan olmuş Qadir Babayev SSRİ idman ustası, ağırlıqqaldırma üzrə dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin mükafatçısı və qalibi olub. İdman sahəsində göstərdiyi nailiyyətlərə görə ona Azərbaycan Respublikasının "Fəxri Bədən Tərbiyəsi və İdman işçisi" və "Əməkdar məşqçi" adları verilib.
AAAF Hakimlər Kollegiyasının üzvü olmuş Babayev Azərbaycanda idmanın inkişaf etdirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Olimpiya Komitəsinin Fəxri Fərmanı ilə təltif olunub.
Qeyd edək ki, Qadir Babayevin yetirməsi olan Ümid Qasımzadə Azərbaycan silahlı qüvvələrinin hərbçisi kimi bu yaxınlarda Dağlıq Qarabağda ordumuzun əks-hücum əməliyyatları zamanı şəhid olub.
Allah rəhmət eləsin!