Nurlan Süleymanov Mingəçevirdə doğulub, Zəngilanı yalnız valideynlərinin dilindən eşidib. Amma ölkə başçısı bu şəhərin düşməndən azad edildiyini bildirəndə sevincinin həddi-hüdudu olmayıb.
Nurlanın anası Nəzakət Süleymanova isə şad xəbəri eşidən kimi dərhal həyat yoldaşına zəng vurub, ona artıq qaçqın olmadıqlarını bildirib.
“Möhtərəm Prezidentimiz Zəngilanın alındığını deyəndə mən də, oğlum da sevincdən özümüzə yer tapa bilmədik. Dərhal həyat yoldaşıma zəng vurdum. Həmin vaxt yoldaşım işdə idi. Telefonu açan kimi dedim ki, Adil, xəbərin var, daha qaçqın deyilsən! O da sevindiyindən ağladı. İnşallah, bütün işğal olunmuş torpaqlarımız qayıdar“.
Nurlan ata-baba yurdlarının zəngin təbiəti, məhsuldar torpaqları olduğunu deyir. Mingəçevirdə yaşayan Süleymanovlar ailəsinin üzvləri Zəngilana ayaq basacaqları gün hər şeydən əvvəl yaxınlarının məzarını ziyarət edəcəklərini bildirirlər.
Qeyd edək ki, Zəngilan rayonu ölkəmizin üzərindən dörd daimi axarlı çay keçən yeganə, unikal ərazi vahididir.