İDMAN

"Qarabağ" qardaş Türkiyəni seçdi

Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarının neytral ərazidə keçirilməsi ilə bağlı qərarından apelyasiya şikayəti verib.
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarını keçirmək istədiyi ölkənin adını açıqlayıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi dünən Azərbaycan və Ermənistanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar ölkələrində UEFA-nın himayəsi altında ev oyunlarının keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib.

"Qarabağ" klubunun direktoru Emrah Çelikel bəyan edib ki, bu halda komandası ev oyunlarını qardaş Türkiyədə keçirmək istəyir.

"İndi üç neytral ərazi var – Kipr, Macarıstan və Polşa, ancaq bizim alternativ seçim təklif etmək imkanımız var. Avropa Liqasının qrup mərhələsindəki rəqiblərimizi Türkiyənin şəhərlərindən birində qəbul etmək istəyirik", – deyə E.Çelikel bildirib.

Komandanın bu seçimini əsaslandıran klub direktoru qeyd edib ki, Avropa İttifaqı ərazisindəki oyunlar üçün futbolçulara viza almaq lazım gəlir, bu prosedur isə xeyli vaxt tələb edir. Türkiyə ilə Azərbaycan arasında vizasız-gediş gəliş sistemi qüvvədə olduğundan, oyun qardaş ölkənin stadionlarından birində keçirilsə, sənədləşmə işlərinə əlavə vaxt lazım gəlməyəcək.

E.Çelikel klubun UEFA İcraiyyə Komitəsinin qərarından apelyasiya şikayəti verəcəyini də vurğulayaraq bildirib ki, Avropa kuboku oyunlarının Bakıda keçirilməsinə heç bir təhdid yoxdur.

Qeyd edək ki, "Qarabağ" klubu oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu Tel-Əvivdə yerli "Makkabi" klubuna qarşı keçirəcək. Bir həftə sonra isə futbolçularımız Bakıda İspaniyanın "Villarreal" komandasını qəbul etməli idi.