Amerikanın məşhur fantast yazıçısı Rey Bredberinin bir hekayəsində bir-biri ilə çarpışan iki ölkənin texnoloji qarşıdurması əks olunub. Uzun sürən müharibədə hər gün bir yeni silah icad olunsa da, qarşı tərəf tezliklə daha yenisini yaradırmış. Beləliklə, çarpışma heç vaxt bitmirmiş. Hər yeni texnologiya başqa birisinin ərsəyə gəlməsinə səbəb olurmuş. Beləliklə, bütün köhnə biliklər də unudulurmuş.
Həyatda həmişə alternativlər olmalıdır
Günlərin bir günü bir şəxs köhnə dədə-baba qaydasına qayıtmağa qərar verir. Adi kağızda klassik metodla hesablama aparır. Onun bu yanaşması yaşadığı ölkənin rəhbərliyində bir şok yaradır, çünki artıq heç kim hesablamanı kalkulyatorsuz apara bilmirmiş. Yəni bütün inkişaf mərhələsini keçəndən sonra insanlar yenidən sadə bir qaydaya üz tutmalı olurlar, çünki irəli getməyə yer qalmır.
Rey Bredberinin hekayəsi, əslində, daha ciddi problemi ortaya qoyub. Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər. İnternetə alternativ hər hansı informasiya kanalı varmı? Bəli, hələ var.
Ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir
Məsələn, radio və televiziya siqnalları hələ də köhnə qayda ilə ötürülür. İnternet olmadan belə ölkənin istənilən yerində radionu dinləmək və ən azı yerli kanallara pulsuz baxmaq olur. Bəzi aparatların köməyi ilə pul ödəyib internetsiz, peyk vasitəsilə gələn televiziya siqnallarının köməyi də kanallara baxmaq, məlumat almaq olur.
Köhnə ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir. İşıq da sönsə, internet də qırılsa, ona heç bir təsiri olmur. İşlədiyi kimi işləyir, əgər qarşı tərəfdə də belə bir telefon varsa, rahatlıqla pul ödəmədən danışmaq olur.
Texnologiya nə qədər inkişaf etsə də, nədənsə hələ də “köhnə”, bəlkə də yararsız kimi görünən bir çox vasitə hələ də praktik xeyir gətirməkdədir. “İnternetdə hər şey var, nəyisə yaddaş kartında saxlamaq nəyə lazım” deyənlərin bir çoxu hərdən ehtiyac duyulan bir məlumatı tapa bilmir. Bu gün bu kitab, film və ya digər informasiya açıq mənbədə var, sabah isə kiminsə tələbi ilə yığışdırıla da bilər.
Ailə şəkillərindən tutmuş şəxsi yazı-pozusuna kimi hər bir məlumatı internetdə saxlayan nə qədər insan var. Əvvəl bu şəkillər üçün albom alardıq, xüsusi səliqə ilə düzərdik. Hətta əsgərlikdən nə qədər gözəl albom gətirənlər var. Hərbi qulluğun son 6 ayını məhz bu işə sərf edərmişlər. İndisə hər nəyimiz varsa, vermişik “quql”un ixtiyarına. Açar cansız bir süni intellektin, axtarış sisteminin əlindədir, hara istəsə, ora da fırladacaq. Qapada da bilər, aça da.
Həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir
Deyirlər, “ehtiyatlı oğulun anası ağlamaz”. Yəni hər bir çətin durum üçün bir ehtiyat variantının olmalıdır. Ən çətin iş məlumatı qoruyub saxlamaq olub, çünki haraya yerləşdirsən belə, həmin sərt disk yanıb sıradan çıxa bilər. Adi disklər bəlkə də kompüterin yaddaş kartından daha etibarlı qoruyurlar məlumatı. Hətta özünün DVD diskinə 100 il təminat verən şirkət də var. Kifayət qədər bahalı olsa da, informasiya itmir.
Əslində, ehtiyat variantları, alternativlər bizim həyatımızı olduqca zənginləşdirir. Hər yeni texnologiya köhnəsini sırada çıxara bilər, amma həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir. Bunun yüzlərlə nümunəsini görürük. Hazırda dünya yeni enerji mənbələri axtarır, istehsal edilən avtomobillərin artıq tam elektrik enerjisi ilə çalışacağını proqnozlaşdırılır. Neft-qaz erasının bitəcəyini iddia edənlər də az deyil. Amma bütün bunlar bir əlavə ehtiyat variantı kim hələ uzun müddət bəşəriyyətə xeyir verə biləcəklər.
Dünyada ən böyük enerji ehtiyatı isə məhz daş kömür formasında toplanıb. Bəli, bu gün müasir şəhəri onunla qızdırmağa icazə yoxdur, amma bu enerji forması bizim sivilizasiyanı hələ uzun müddət məhv olmaqdan xilas edə bilər. Hələ neçə əsr onu yerin altında çıxarmaq imkanı var. Hələ də daş kömürdən dünya iqtisadiyyatında geniş istifadə edilir.
Braziliyada ən dəbdə olan yanacaq növü texniki spirtdir. Həm ekoloji təmizdir, həm də ondan avtomobillərin bir çoxu yararlanır. Həm istehsalı böyükdür, həm də hara gedəcəyi məlumdur. Deməli, dünyada baş verə biləcək neft-qaz böhranı bu ölkə üçün elə də təhlükəli deyil.
Müharibə dövründə alternativlərin qiyməti birə on artır
Vinil valların dövranı çoxdan bitib, amma hələ də onları sifariş edən, aparatını alıb musiqini dinləyən nə qədər insan var. Səbəbini özləri də bilmirlər bəlkə də. Ya deyək, kimi dindirsən, deyəcək kənd təsərrüfatında artıq yalnız və yalnız texnikadan istifadə edilir. Nə ata, nə eşşəyə yer yoxdur. Amma bu heç də belə deyil. Bir çox kiçik təsərrüfatda hələ də atdan yararlanırlar, çünki iri texnika saxlamaq həm bahadır, həm də problemli. Bunun benzini var, texniki qulluğu. 5 hektardan az olan fermer təsərrüfatında elə atdan istifadə daha məqsədəuyğundur. Dağ ərazilərində, texnika və avtomobillərin keçə bilmədiyi yerlərdə at da, eşşək də işə yarayır. Benzin və ya detalların olmadığı şəraitdə bir qədər otla işi yola vermək olar.
Müharibə dövründə alternativlərin, hər hansı bir əlavə variantların qiyməti birə on artır. Döyüş zonasında həm müvəqqəti, həm də daimi sülhə nail olmaq olar, amma informasiya müharibəsində atəşkəs olmur. Hamı deyir, daha vacibi internet və sosial şəbəkədir, burada gərək döyüşəsən. Əlbəttə, internetin imkanları olduqca yüksəkdir, amma bəzən internetin çatmadığı yerlərdə kiçik bir yerli radiostansiya əhəmiyyət kəsb edir. Elə Azərbaycanın özündə çoxlu peyk antenası var. Nə qədər insan bu alternativ informasiya kanalından yararlanır.
Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil
Axı, İsveçin də, Danimarkanın da xeyli kiçik şəhəri var. Bunların bir çoxunda heç Azərbaycanın varlığından xəbəri olmayan yüzlərlə insana lap elə yerli qəzet vasitəsilə ölkəmiz barədə faydalı bir məlumat vermək özü də bir qəhrəmanlıqdır. Qəzeti, radiosu, televiziyası hələ də məlumat ötürülməsində böyük əhəmiyyət daşıyan yüzlərlə ölkə var. Hər ölkənin kitabxanasına yerli dildə Azərbaycan barədə 10-15 kitab verə bilsək, xaricdə təhsil alan hər azərbaycanlı tələbə öz ölkəsi və Dağlıq Qarabağ münaqişəsindən ara-sıra 5-10 kəlmə danışa bilsə, informasiyanın çatdırılmasında irəli gedə bilərik. Görə biləcəyin kiçik bir işi bacarsan, deməli ümumi prosesdə qalib gələ bilərik.
Erməni tərəfi artıq əsrləridir hər bir alternativ kanaldan informasiya ötürməklə məşğuldur. 300 növ dolması olan Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil. Hələ sovet dönəmində “Aşpaz müsabiqəsinə gəlmişik” adlı erməni filmində dolma ilə bağlı yaddaqalan bir epizod nəzər çəkir. Moskvaya yarışmaya gələn erməni aşpazları məhz dolma bişirir və vaxtında onu jüriyə verə bilmirlər. Yer tutmasalar da, dolmanın çox dadlı olması ilə bağlı xeyli tərif eşidirik. Yəni hələ 1977-ci ildə ekrana çıxan bu film Sovet İttifaqının hər yerini gəzmişdi. Gəl, bundan sonra sübut elə ki, dolma türk mənşəli sözdür və Azərbaycanda daha dadlısı bişirilir.
Hər bir mümkün ehtiyat kanalları ilə məlumat ötürməyi bacarmalıyıq. Məlumatın yalnız Facebook və ya Twitter-lə ötürüldüyünü düşünmək doğru deyil. Hərtərəfli ehtiyat sistemləri, alternativ kanallar olmalıdır. İnformasiyanın ötürülməsində daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir. Bu baxımdan daha çox çalışmağa ehtiyac duyulur.