BAKI, 15 oktyabr — Sputnik. Türkiyənin populyar bellestrika müəllifi Əlif Şəfəq tvitter səhifəsində Şuşa kilsəsində, (guya Azərbaycan tərəfindən dağıdılmış kilsədə) "lazım gəlsə evimizi satıb silah almalıyıq" deyən erməni ifaçı Simon Maqakyanın videosunu "dağıntılar arasında sənət.." təqdimatı ilə paylaşıb. Və ondan öncə bu paylaşımı etdiyi üçün TBMM-nin erməni əsilli deputatı Qaro Paylana təşəkkür edib.
Qarabağın işğalına, Azərbaycanın haqlı savaşına arxa çevirən, baş verənləri görməzdən gələn türkiyəli yazıçı Əlif Şəfəqə qarşı münasibətimiz necə olmalıdır? Düşünürəm ki, onu söymək, təhqir etmək, kitablarını yandırmaq, sosial mediada linç etmək, milli kimliyi, cinsi seçimləri haqda nələrsə yazmaq yanlış addımdır.
Uzun müddətli atəşkəs dövründə dövlətin puluna Türkiyədə tədbirlər keçirib, Qarabağ həqiqətlərini "dünyaya tanıdanlar" Əlif Şəfəqin bu addımından nəticə çıxarmalıdırlar. İlin hər fəslində tədbirlər keçirdiyiniz, guya Qarabağ həqiqətlərini hayqırdığınız qonşu ölkənin yazıçının bu həqiqətlərdən xəbəri yoxdursa, bu barədə bir balaca düşünmək lazımdır. Çap etdiyiniz kitablar, jurnallar, broşürlər bu cür mövzulara marağı ilə tanınan popilist qadının əlinə nə əcəb gedib çatmayıb? Düşünürəm ki, Qarabağ həqiqətlərini məhz bu cür insanların qulağının dibində qışqırmaq lazım idi.
Bu barədə, qələbədən sonra daha ətraflı danışarıq...
***
Qayıdaq Əlif Şəfəqin boykot edilməsinə...
Bəzi kitab mağazalarının Əlif Şəfəqin kitablarını boykot etməsi ilə bağlı verdiyi qərarı da doğru saymıram.
Ümumiyyətlə kitaba qarşı, kitab əleyhinə atılan heç bir addımı qəbul etmirəm, düzgün hesab etmirəm.
Əlif Şəfəqə Qarabağ həqiqətlərini izah etməyin daha sivil, daha mədəni yollarını tapmalıyıq.
Kitab yandırmaqla, kitablarının satışını dayandırmaqla biz sadəcə bütün dünya qarşısında cahil toplum təəssüratı yarada bilərik.
Halbuki, biz bu məsələdə haqlı və ədalətliyik.
Əlif Şəfəqin əsərləri ilə tanış olanlar, onun hansı mövzulara toxunduğunu yaxşı bilir(dilər).
Bu gün onu boykot edən kitab mağazaları da, onun əsərlərindəki zərərli mövzuları satışa çıxarmadan öncə görə bilərdi, daha doğrusu inanmıram ki, kitab tacirləri Türkiyədə ciddi ədəbi kluarlarda qəbul edilməyən, ortabab bellestrika yazarının əsərləri barədə xəbərsizdir.
Görünür Əlif Şəfəqin kitabları qazanc gətirəndə onun toxunduğu mövzular diqqət çəkməyib, narahatlıq yaratmayıb.
Zamanında vitrinlərdə yerli yazarların önünü kəsən kitabları, satış rekordlarını paylaşdığınız bir yazıçını boykot etməyinizi necə izah edə bilərsiniz?
Əlif Şəfəqin kitabları, düşüncələri zərərlidirsə, öncədən satışına maraq göstərməmək lazım idi.
Bu sadəcə məlum paylaşımdan sonra görülürsə, diqqətinizi çəkirsə, kitablarının satışı məhz tvitterdə yazdıqlarından sonra dayandırılırsa, bu indiki məqamda bizim haqq savaşımıza kölgə salan addımdır.
***
Şəxsən mən Əlif Şəfəqin Qarabağda baş verənlərdən, işğal olunmuş torpaqlardan, öldürülən uşaqlardan, işgəncəyə məruz qalan mülki vətəndaşlardan, dağıdılan tarixi abidələrimizdən xəbərsiz olduğunu düşünmürəm.
Əgər xəbərsizdirsə, bu, yenə də onun ən böyük ayıbıdır.
Türkiyənin sərhəddindəki Qafqazı tanımamaq, bu coğrafiyadan xəbərsiz olub, işğalçıya qahmar çıxmaq böyük dəyərlərdən, sülhdən, insanlıqdan, sənətdən danışan birisi üçün utanc olmalıdır.
***
Düşünürəm ki, ən gözəli Əlif Şəfəq haqda susmaqdır.
Çünki onun yazdıqlarının da, düşüncəsinin də bizim üçün bir önəmi yoxdur. O hətta Azərbaycanı dəstəkləsə də, heç nə dəyişməyəcək, necə ki, əleyhimizə yazmağı ilə də heç nəyi dəyişmədi.
Bizim haqq savaşımızdan xəbərsiz olan, qarşı tərəfin işğalçılığını qəbul etməyən Əlif Şəfəq kimi populistlərə onların anlayacağı dildə cavab vermək lazımdır.
Dağıdılmış tarixi abidələrimizin hər birini yaradıcı şəkildə, sənət diliylə dünyaya təqdim etmək, dünyanın bu vəhşiliyə və barbarlığa diqqətini çəkmək o qədər də çətin deyil.
Yetər ki, istək olsun.
Əlifi isə, unudun getsin...