BAKI, 11 oktyabr — Sputnik. Gəncə şəhərinə Ermənistan ərazisindən buraxılan raketin düşmə anı müşahidə kameralarında qeyd olunub.
Sputnik Azərbaycan bildirir ki, görüntüləri "Anadolu" agentliyi yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev həmin raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirildiyini bildirib. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə "Toçka-U" sistemindən atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər və 9 nəfərin meyiti çıxarılıb. Ümumilikdə 30-dan çox insanın xəsarət aldığı bildirilir.