SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vicdanlı vətəndaş sosial şəbəkələrdən xeyirxah məqsəd üçün istifadə etməlidir - deputat

Vətəndaşlara çağırış etmək lazımdır ki, dövlətə zərər vura biləcək bir paylaşım, yaxud da, dezinformasiyalar yaymasınlar
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. "Azərbaycanda hərbi vəziyyət elan olunduğundan sosial şəbəkələr üzərinə qadağa qoyuldu. Verilən bu qərarı düzgün hesab edirəm.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvi Etibar Əliyev deyib.

Onun fikrincə, bu yolla saxta məlumat və informasiyaların verilməsinin, bir çox məkrli şəxslərin dezinformasiyalar yaymasının qarşısı alınır:

"Ermənilərin məkrli niyyətləri və işğalçılıq siyasəti bizə hərbi vəziyyətin tətbiq olunmasını diqtə etdi. Çünki müharibə şəraitində informasiya amili çox mühüm rol oynayır".

Azərbaycan Ordusunun qələbə çalacağına inandığını deyən millət vəkili, şəxsi fikri olaraq bildirir ki, müharibənin uzun müddət davam etməsi gözlənilmir. O bildirir ki, yalnız bundan sonra bütün məhdudiyyətlər götürüləcək.

VPN istifadə edənlər cərimə ediləcəklərmi?

Sosial şəbəkələrə qadağa qoyulsa da, bu gün əksəriyyət VPN vasitəsilə sosial şəbəkələrə daxil olur. Belə olan halda internetdə müəyyən məhdudiyyətlərin olması isə ən çox virtual təhsilin fəaliyyətinə mane olur. Millət vəkili isə belə hesab edir ki, mövcud vəziyyət təhsilə ciddi təsir etməyəcək:

"Qısa zamanda məhdudiyyətlərin dərs prosesinə elə bir ciddi təsiri olmayacaq. Çünki həm şagirdlər, həm də müəllimlər dərsliklərlə təmin ediliblər. Düşünürəm ki, bu məhdudiyyət yaxın zamanlarda aradan götürüləcək. Nəyin qarşısı alınmırsa, qoyun istifadə olunsun. Vicdanlı Azərbaycan vətəndaşları sosial şəbəkələrdən yalnız xeyirxah məqsədlər üçün istifadə etməlidirlər. Bu şəxslərə çağırış etmək lazımdır ki, dövlətə zərər vura biləcək bir paylaşım, yaxud da dezinformasiyalar yaymasınlar".

E.Əliyev hazırda özünün də bu cür proqramlardan istifadə etmədiyini deyir: "Hər zaman "Facebook"da aktiv şəxs olsam da, özüm bu gün sosial şəbəkələrə qoyulan qadağalara əməl edirəm, VPN-lə bağlı hansısa proqramdan istifadə etmirəm. Bu mənim borcumdur, hərbi vəziyyətdə bu şəraitə tabe olmalıyıq".