TƏHLİL

Rusiya ən yeni döyüş təyyarəsini ilk olaraq hansı ölkəyə satacaq?

Rusiyanın hərbi sifariş portfeli 2020-ci ildə 55 milyard dollar dəyərində qiymətləndirilib. Sifarişlərin təxminən 45 faizi aviasiyadır.
Sputnik

BAKI, 6 oktyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın yüksək texnologiyalı silahları beynəlxalq bazarları fəth etməyə davam edir. Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində ən böyük tərəfdaşlarından olan Əlcəzair beşinci nəsil Su-57 qırıcısının ilk ixracatçısı olmaq niyyətindədir.

ABŞ-ın "The Military Watch Magazine" hərbi-analitik nəşri bildirir ki, Əlcəzair köhnə "MiQ"lərini əvəz etmək üçün Rusiyadan Su-57 qırıcılarını və digər aviatexnikanı sifariş edib. Bundan başqa, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin Direktoru Dmitri Şuqayev bu günlərdə Əlcəzairdə həmkarları ilə danışıqlar aparıb, tərəflər 14 ədəd Su-57E təyyarəsinin tədarükünün detallarını müzakirə ediblər.

Bir qədər əvvəl, Əlcəzair Aralıq dənizinin cənub sahillərində bu beşinci nəsil döyüş təyyarəsini ilk olaraq almaq üçün marağını ifadə edib. Əlcəzairin "Menadefence" hərbi xəbərlər saytı ötən ilin dekabrında Əlcəzair tərəfinin Rusiya istehsalı olan ən son qırıcı və bombardmançı təyyarələrinin tədarükünə dair müqavilələr imzaladığını bildirib.

Su-57 qırıcısının "təkmilləşməsi" ABŞ-ı niyə narahat edir

Prinsipial qərar 2019-cu ilin yayında Əlcəzair nümayəndə heyətinin Rusiyanın MAKS aviasalonunu ziyarət etməsindən sonra qəbul edilib. Tədarük 2025-ci ilə kimi başa çatacaq və bu, Əlcəzairin Hərbi Hava Qüvvələrinə (HHQ) Su-57, Su-35, MiQ-29M2 eskadrilyalarını (hər eskadrilyada 14 təyyarə), eləcə də Su-30MKA təyyarələrinin iki qanadını (hər qanadda üç eskadrilya) yaratmağa imkan verəcək. Əlcəzair həmçinin 14 ədəd Su-34 bombardmançı təyyarəsini əldə edəcək.

Regional qonşuların hərbi-hava qüvvələrinin planlı şəkildə gücləndirilməsi fonunda (Mərakeş 25 ədəd F-16 qırıcısına üstünlük verib, İtaliya isə F-35 təyyarələrini almağı planlaşdırır) Əlcəzairin beşinci nəsil təyyarələri almaq cəhdləri başa düşüləndir. Su-57 Rusiya istehsalı olan digər müasir qırıcılar ilə qarşılıqlı əlaqədə hava üstünlüyünü etibarlı şəkildə təmin edəcək.

Hərbi aviasiya sektorunda Əlcəzair-Rusiya müqavilələrinin məbləği müxtəlif məlumatlara görə, 2 milyard dollardan 6 milyard dollara qədər təşkil edir. "Ordu-2020" VI Beynəlxalq Hərbi-Texniki Forum zamanı Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin mətbuat katibi Mariya Vorobyova bir neçə ölkənin Su-57 qırıcısını almaq üçün Rusiyaya rəsmən müraciət etdiyini açıqlayıb.

Rusiya istehsalı olan təyyarələrin və aviasiya vasitələrinin sayəsində Əlcəzairin Hərbi Hava Qüvvələri Afrika qitəsində ən inkişaf etmiş, balanslaşdırılmış və güclü hərbi hava qüvvələri sayılır. Əlcəzair HHQ-nin əsasını 45 ədəd ağır Su-30MKA (4+ nəsil) döyüş təyyarələri təşkil edir. Bu təyyarələr uzun mənzilli raketlərin köməyi ilə hava və quru hədəfləri müvəffəqiyyətlə vurmağa qadirdir. X-31 qanadlı raketlərini (sürəti 3 Maxdan çox) tətbiq etməyə qadir Su-30 döyüş təyyarələrinin, dörd MiQ-29 eskadrilyasının və 36 ədəd Su-24M bombardmançısının döyüş imkanları əhəmiyyətli dərəcədə böyükdür.

Etibarlı zəmanət

Əlcəzairin Rusiya silahının xeyrinə seçimi təsadüfi deyil. Bütün parametrlərinə görə xarici analoqlarını üstələyən Su-57 qırıcısının isə reklama ehtiyacı yoxdur. Su-57-nin korpusunun radiodalğaları az əks etdirən effektiv səthi döyüş şəraitində onu düşmən radarları üçün görünməz edir (konstruksiyadakı kompozit materiallar səthin 70 faizini və çəkinin 25 faizini təşkil edir).

Hərb sənətində yenilik: "Su-57" qırıcısı pilotsuz idarə olunacaq

Üçölçülü dartma vektorlu mühərriklər, əsas radiolokasiya stansiyası, unikal optik-elektron hədəf aşkarlama sistemi və elektron müdaxilə sistemi səmada onun hökmranlığını təmin edir. Rusiya qırıcısı 400 kilometrədək məsafədə hava və yerüstü hədəfləri aşkar etmək, 62 obyekti müşayiət etmək, forsajsız rejimdə hipersəs sürəti yığmaq, 14 növ silah daşımaq qabiliyyətinə malikdir (on tonluq arsenal korpus daxilində iki bölmədə yerləşir).

Su-57-nin döyüş radiusu 5500 kilometrdir, onun raket silahları Suriyada tapşırıqları yerinə yetirərkən uğurla sınaqdan keçirilib. Nəzəri döyüşdə Su-57 təyyarəsi Amerikanın F-22 və F-35 görünməz təyyarələrini daha əvvəl aşkar və məhv edə bilər.

Yəqin ki, buna əlavə etməyə başqa bir şey yoxdur.

"Su-57"lər kriptomüdafiə ilə təmin ediləcək

Bununla belə, "The Military Watch Magazine" jurnalı Su-57 üçün işlənib hazırlanmış yeni "hava-hava" tipli K-77 raketinin imkanlarından da yazıb. Nəşrin məlumatına görə, çox kompakt və təhlükəli olan K-77 raketi 193 kilometr vurma məsafəsinə malikdir. Bu, ABŞ-ın ən yaxşı AIM-120D raketinin vurma məsafəsindən (180 kilometr) çoxdur. Ən əsası isə, yeni raket böyük məsafədən başqa həm də manevr qabiliyyətinə və dəqiqliyə malikdir. Aktiv fazalı anten şəbəkəsinin yönləndirmə texnologiyası K-77 raketini həddindən çox uzaq məsafələrdə kiçik və hərəkətli hədəflərə qarşı son dərəcə effektiv edir. Raketin burun hissəsindəki mürəkkəb radiolokasiya sistemi "baxış sahəsi" problemini aradan qaldırmağa qadirdir və hədəfi 360 dərəcədə nişanda saxlamağa imkan verir. Yəni düşmənin heç bir qırıcısı K-77-nin "nəzərindən" qaça bilməyəcək. Su-57 belə raketlərdən ən azı səkkizini daşıya bilir.

Su-57 sülhü və təhlükəsizliyi təmin edən gözəllik və gücün möhtəşəm vəhdətidir.

Dmitri Şuqayev bu yaxınlarda qeyd edib ki, Rusiya hərbi-texniki əməkdaşlıq sahəsində etibarlı tərəfdaş kimi qanun və beynəlxalq öhdəliklər çərçivəsində fəaliyyət göstərir. Təsadüfi deyil ki, Rusiyanın sifariş portfeli 2020-ci ildə 55 milyard dollar dəyərində qiymətləndirilib (MDB ölkələrinin payı 2 milyard dollar təşkil edir) və Rusiya artıq bir neçə ildir ki, bu "çəkini" saxlayır. Sifarişlərin təxminən 45 faizi aviasiyadır, üçdə biri hava hücumundan müdafiə texnikasının, 15 faizi isə yerüstü texnikanın payına düşür.

Yəqin ki, yaxın illərdə unikal Su-57 qırıcısı HHQ sektorunda sifarişləri əhəmiyyətli dərəcədə artıracaq.