BAKI, 3 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur.
Bu barədə Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir.
Düşmən təxribatı nəticəsində dinc əhaliyə top mərmiləri atılıb, evlərə ziyan dəyib.
Ermənilərin atdığı mərmilərdən biri "Real Təhlil İnformasiya Mərkəzi"nin (Real TV) cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı, Ağdərə rayonundan məcburi köçkün olan Tərtər rayonunda məskunlaşmış Kamil Eldaroğlunun valideynlərinin yaşadığı evə düşüb.
"Report"un əməkdaşı ilə söhbətləşən jurnalist qeyd edib ki, hadisə zamanı evə ziyan dəyib:
"Eybi yox, olan evə olsun. Əsas odur ki, mülki vətəndaşlara və Azərbaycan Ordusuna heç nə olmasın. Tərtərdə əhval-ruhiyyə çox yüksəkdir. İnsanlar Ordumuza və Ali Baş Komandanımıza güvənirlər".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Dünən - oktyabrın 2-də şəhərə 2 mindən artıq mərmi düşüb.