QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağlı köçkün: "Anam yuxuma girdi, dedi ki, oktyabrda Füzuliyə qayıdacaqsız"

Yusif Rəhimov: "Bizim kənddə bir artezian var idi, avqust ayında yuxuda gördüm ki, rəhmətlik anam bulağın yanındadı. Dedi, "narahat olmayın, oktyabrda qayıdacaqsınız". Həmin yuxudan sonra məndə bir hiss yaranıb ki, bu il Füzuliyə gedəcəyik".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Yusif və Nişangül Rəhimovlar 27 ildir ki, doğma yurd-yuvalarından – Füzulidən didərgin düşüblər. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizi, o cümlədən yüksəklilərimizi alması xəbəri Rəhimovlar ailəsində böyük ruh yüksəkliyi yaradıb. 78 yaşlı Yusif baba öz təəssüratlarını sevinc göz yaşları ilə Sputnik Azərbaycan-a danışıb:

"Hələ bu qədər ümidli olmamışdım. Hər gün yuxuda Qarabağı – Füzulini görürdüm. Hər dəfə yuxuda anam mənə deyirdi ki, "a bala, nə vaxta qədər sənin evini qoruyacam, gəl evinə yiyəlik elə". Bizim kənddə bir artezian var idi, avqust ayında yuxuda gördüm ki, rəhmətlik anam bulağın yanındadı, dedi "narahat olmayın oktyabrda qayıdacaqsınız". Həmin yuxudan sonra bir hiss yaranıb ki, bu il Füzuliyə gedəcəyik. Yuxudan həyəcanla oyandım, yoldaşıma dedim "Nişan, oktyabrda Füzuliyə gedəcəyik. Dedi "nədi, indi də falçılığa başlamısan?" Dedim yox arvad, bu il 100% gedəcək".

Yusif baba deyir ki, yaşının bu çağında da cəbhəyə getməyə hazırdır: "Sürücüyəm, heç nə bacarmasam da maşın sürə bilərəm. Mən o torpaqların hər nöqtəsinə bələdəm. Aparsınlar məni, gedim sürücülük edim. Vicdanıma and olsun, nə iş desələr, edərəm. Təki biz öz torpağımızda olaq, orada ölək. Qətiyyən ermənilərə güzəşt eləmək olmaz. Biz onlara hörmət etdikcə, onlar gəldilər bizim başımıza çıxdılar. 1918-ci ildə onlara güzəşt elədik deyə, bunlar gəldi başımıza".

Ordumuz Ermənistanın Füzuli istiqamətində yerləşən taborunu ağır artilleriya atəşinə tutub

Söhbətimizin bu yerində Nişangül nənə də bizə qoşuldu. O, deyir ki, hər kəs vuruşmalıdır, xüsusən də qarabağlılar bu məsələdə daha aktiv olmalıdırlar:

"Şirvanlı, qazaxlı, naxçıvanlı, bakılı müharibəyə gedib vuruşub şəhid olursa, qarabağlı ondan qabaq getməlidir. Çünki, qarabağlılar o torpaqları daha yaxşı tanıyır. Hər dağına, hər dərəsinə bələdik biz. Necə ola bilər ki, digər bölgənin camaatı gedib vuruşsun, füzulili, şuşalı, cəbrayıllı, ağdamlı və s. burada otursun".

Nişangül nənə deyir ki, öz övladları burada yaşayır. Amma Füzuli işğaldan azad olan kimi, dərhal torpaqlarına qayıdacaqlar:

"Füzuli işğaldan azad olunan kimi hər şeyimizi burada qoyub gedəcək. Bizə heç nə lazım deyil. Bizə quruca torpağımızı versinlər, özümüz ev tikərik özümüzə".

Nişangül xanım deyir ki, qaçqınlar üçün tikilən evlərdən dövlət onlara da vermək istəyib. Amma ailə bundan imtina edib. Baxmayaraq ki, hazırda qohum evində yaşayırlar, amma dövlətin bağışladığı evi istəməyiblər: "Dedim mənə öz torpağımı – Füzulini verin!"

Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib

Nişangül Rəhimova gənclərə erməni dilini öyrənməyi də tövsiyyə edib: "Yaxşı olar ki, erməni dilini mükəmməl bilsinlər. Birinci növbədə düşmənin dilini bilmək lazımdır. Onlar bizim dilimizi çox yaxşı bilirdilər, biz bilmirdik. Həmişə yanımızda erməni dilində danışırdılar, biz də başa düşmürdük. Ona görə də onların dillərini bilmək lazımdır ki, nə danışdıqlarından, nə fikirləşdiklərindən xəbərdar olaq".

44 il Füzulidə yaşayan Nişangül nənə deyir ki, öz oğlanları da müharibəyə getməyə hazırdır:

"Mənim bir oğlumun 52, birinin də 47 yaşı var. Onlar da hazırdır müharibəyə getməyə. Hərbi səfərbərliyə yazılıblar. Yerəvan da bizim olub. İndi Qabağı da onlara verə bilmərik. Biz çəkdiklərimizi uşaqlarımız çəkməsinlər. Onlar rahat yaşasınlar. Mənim qardaşım batalyon komandiri olub. O, Füzulini görmədən öldü. Sentyabrın 29-u gedib qəbrinin üstünə bayraq apardım, dedim rahat yat, Füzuliyə getməyə az qalıb".

On səkkiz yaşında olarkən ailə qurduğunu deyən Nişangül nənə öz zəhmətlərilə qurduqları ev-eşiyi qoyub gəliblər və daha belə yaşamaq istəmirlər:

"27 ildir qohumlarımızı görə bilmirik. Həyatdı bu? Allah şəhidlərimizə rəhmət eləsin. Onlar ölü deyillər. Bizik ölü. Torpağımızda deyilik. Çox qorxuram burada ölməkdən. Mənim nə işim var Yasamal qəbirstanlığında? Mən öz Füzulimdə ölmək istəyirəm. Mənə dəbdəbəli həyat lazım deyil, mənə torpağım lazımdı. İkinci Dünya Müharibəsində də əziyyət çəkib insalarımız. Amma bir məsələ var ki, həmin vaxt ac qalasalar da, acı çəksələr də öz vətənlərində, öz torpaqlarında yaşayıblar".