YAZARLAR

Azərbaycanda teatr kimə və nəyə lazımdır?!

Uzun illərdir ölkədə teatrların fəaliyyəti bütün bəşər tarixində məbəd adlandırılan, ən müqəddəs mədəniyyət ocağı olan teatrı, teatr anlayışını rəzil, biabırçı vəziyyətə salıb.
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi çərçivəsində mart ayından etibarən ölkə üzrə bütün teatrların, kinoteatrların, konsert salonlarının fəaliyyəti dayandırılıb. Kinoteatrın fəaliyyəti dayandırılırsa, bu, tamaşaçı üçün çox da ciddi əngəl deyil, çünki insanların film izləyə biləcəyi müxtəlif alternativ platformalar var. Konsert salonlarının fəaliyyəti dayandırılırsa, bu da insanların musiqi dinləməsi üçün əngəl deyil, çünki insanların musiqi dinləyə biləcəyi saysız-hesabsız mənbələr var. Amma teatrların fəaliyyəti dayandırılırsa, bu, böyük bir yoxluğa gətirib çıxarır.

Üzr istəyirəm, “böyük bir yoxluğa gətirib çıxarır” ifadəsi inkişaf etmiş ölkələrə və cəmiyyətlərə aiddir. Bizim ölkədə və bizim toplumda teatrların yoxluğu heç bir fəsad törətmir. Çünki bu günə qədər onların varlığı heç bir işə yaramamışdı. Bunu bir ittiham kimi qəbul etməməyinizi xahiş edirəm. Bəsit həqiqətdir. Çox sadə dəlillərlə bu həqiqətdən agah ola bilərsiniz.

İndiyə qədər ölkədə teatrlar fəaliyyət göstərirdi. Hər şənbə və bazar günləri, bəzi hallarda həftə içi günlərdə də tamaşa nümayişləri olurdu. Azərbaycanda fəaliyyət göstərən teatrların çox böyük bir qismi dövlət teatrlarıdır. Özəl teatrlar isə məkan və büdcə problemləri səbəbi ilə möhkəmlənə və çoxala bilmir. Özəl teatrlardan sadəcə “ADO” müstəqil teatrı müəyyən qədər ayaqda durmağı bacarıb, özünəməxsus repertuar yaradıb və özünün müəyyən tamaşaçı auditoriyası var.

Teatrlar gözləyir ki, dramaturq yetişsin - yazıçı repertuar problemindən danışır

Dövlət teatrlarının repertuarındakı məmur hegemoniyası, repertuar işğalçılığı, ənənəvilik, monotonluq, texniki çatışmazlıqlar və başqa bitməyən problemlər də teatrla azca tanışlığı olan hər kəsə aşkardır. Belə olan halda biz əhaliyə "niyə teatra getmirsiniz?" sualını ünvanlaya bilmərik. Axı bu sualı ünvanlayacağımız teatrsevər əhali də yoxdur. Paytaxt və iri şəhərlər istisna olmaqla regionların əksəriyyətində teatrın nə olduğunu ümumiyyətlə bilmirlər. Kimi, niyə və nə ilə qınayasan ki?

Yaxınlarda, Azərbaycanın tanınmış teatr aktyorlarından biri ilə söhbət edirdim. Dərdli-dərdli dilləndi ki, “qorxuram, teatrları ümumiyyətlə ləğv edələr, deyələr ki, aylardır bağlı olması nəyimizi əksiltdi ki, açıq olması nəyimizi artırsın”. Çox acılı, ağrılı, hətta olduqca faciəvi bir ifadə olsa da, məlum mühitimizdə mütləq həqiqətdir və mən özüm də - bunu yazmağa belə sancı çəkirəm, amma belədir – tərəfdarıyam ki, teatrlar ümumiyyətlə ləğv edilsin. Çünki uzun illərdir ölkədə teatrların fəaliyyəti bütün bəşər tarixində məbəd adlandırılan, ən müqəddəs mədəniyyət ocağı olan teatrı, teatr anlayışını rəzil, biabırçı vəziyyətə salıb.

Teatr elə bir sənət növüdür ki, insanlıq, toplumlar, xalqlar onun uğruna şəhidlər veriblər. Məsələn, fransızlar Antonin Artaudu, almanlar Georq Büxneri, biz Hüseyn Ərəblinskini və digərlərini. Amma fransızlar da, almanlar da, digər böyük xalqlar da öz sənət şəhidlərinin və onların teatr kimi müqəddəs mirasının dəyərini bilir, onu qoruyur, sevir, nəsildən-nəsilə ötürürlər. Azərbaycanda isə Hüseyn Ərəblinski də, Abbas Mirzə Şərifzadə də, onların qoyduğu teatr adlı miras da, bu ulu və uca mədəniyyət də heç kəsə lazım deyil. Elə isə mövcudiyyəti niyə büdcəyə yük və teatr adına ləkə olsun ki? Ləğv edilməsi daha yaxşı olmazmı?

Mart ayından bəri ölkədə teatrlar işləmir və teatrda çalışan, həyatını teatra adayan kiçik bir qrupdan başqa kimin həyatında məhz bu səbəblə boşluq yaranıb ki? Teatr Azərbaycanda hansı böyük və vacib qrupun həyatını doldururdu ki? Mən teatr adamlarından və ən əsası bu böyük məbədin özündən çox-çox üzr istəyirəm, amma Azərbaycanda teatrların ləğv edilməsi hamının xeyrinədir.