BAKI, 19 sentyabr — Sputnik. Yevlaxda fəaliyyət göstərən tibb ocağında müalicə alanlara istifadə edilən işlənmiş tibbi vasitələrin əraziyə atıldığını, ətrafa üfünət, təhlükə yaratması haqqında Sputnik Azərbaycan xəbər vermişdi. Xəstəxananın yaxınlığında yaşayanlar pandemiya dövründə belə vəziyyətin onlar üçün çox təhlükəli olduğunu bildirmişdilər.
Sakinlərin haqlı narazlığına səbəb olan problem artıq öz həllini tapıb. Reportajımızdan sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanası maliyyə problemini həll edərək Yevlax Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlayıb. Bu barədə Sputnik Azərbaycan-a Yevlax Rayon Mənzil İstismar Sahəsindən məlumat verilib. Bildirilib ki, bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə Yevlax Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin rəhbərliyi cərmələnib.
Qeyd edək ki, xəstəxananın ətrafı üfünət qoxuyurdu, qanlı sistem şlanqları, istifadə edilmiş şprislər, dərman qutuları və digər tibbi vasitələr ətrafa dağılmışdı. Yerli sakinlərin haqlı narazlığına səbəb olan problem bir gün sonra həllini tapıb. Belə ki, Yevlax Mənzil Kommunal İstehsalat Birliyi tərəfindən Yevlax Şəhər Mərkəzi Xəstəxanasının ərazisi tullantılardan təmizlənib, əraziyə zibil konteynerləri qoyulub, ərazi dezinfeksiya edilib. Problemə dərhal reaksiya verilməsi sakinləri də sevindirib. Namiq Rüstəmov adlı sakin Sputnik Azəraycan-a açıqlamasında bildirib ki, buralardan keçmək olmurdu: "O biri tərəf uzaqdı, camaat burdan gedirdi. İy-qoxunun əlindən böyründən keçmək olmurdu. Adam burnunu tutub keçirdi. İndi sağ olsun cənab başçı vaxtında xəbər tutub, aidiyyəti qurumlar gəlib təmizləyiblər".
Zeynəb Ağayeva adlı sakin də Sputnik Azərbaycan-a problemi ictimailəşdirdiyi üçün təşəkkürünü bildirib: "Biz burda yaşıyırıq, bu ərazinin sakiniyik. Buralar natəmizlik idi, yaman bərbad gündə idi. Çox sağ olsunlar müraciət etdik, gəldilər, yığışdırdılar, təmizlədilər. Bağçaya da yaxındır, uşaqlara da natəmizlik idi. Pandemiya dövründə zibilin belə yığılıb qalmağı bizi ikiqat narahat edirdi".