TƏHLİL

Ali təhsil ala bilməyən gənclərin aqibəti necə olur, onlar həyata necə hazırlanırlar?

Ali təhsil ocaqlarına qəbul prosedurunun çətinliyinə baxmayaraq, gənclər ali təhsil almağa can atırlar. Halbuki peşə təhsilinin səviyyəsi, nüfuzu qalxsa, normal peşə liseyləri yaradılsa, cəmiyyətdə onlara tələbat da yaranacaq, peşə təhsili də populyarlaşaq.
Sputnik

Məlahət Mürşüdlü, təhsil məsələləri üzrə ekspert

BAKI, 19 sentyabr - Sputnik. Peşə təhsili sovetlər dövründə kifayət qədər populyar idi. Şagirdlər səkkiz illik və on illik təhsil bazasından peşə-ixtisas məktəblərinə yönləndirilirdi. Doğrudur, çox vaxt peşə məktəblərinə dərslərini yaxşı oxumayan şagirdləri göndərirdilər. Bu nə üçün belə idi? Sovet dövləti fikirləşirdi ki, onun vətəndaşı mütləq hansısa peşənin sahibi olmalıdır və işləməlidir. Zavodda fəhlə, tokar, çilingər, toxucu, çeşidləyici və digər işləri görənlərin də peşə məktəbi diplomu olurdu. Bu, o dövlətin təhsil strategiyasının tərkib hissəsi idi. Elə rayon yox idi ki, orada peşə məktəbləri olmasın. Onda həmin məktəblərin dövrünə görə texniki təchizatı, maddi-texniki bazası güclü idi. Traktorçu-mexanizator  bu ixtisasa yiyələnmək üçün peşə məktəbində oxuyur, oranın texnikasından istifadə edərək bu işi öyrənir, həm də kolxoza işləməyə gələndə ixtisaslı kadr kimi işlə təmin edilirdi. Ona kolxozun traktorunu etibar edirdilər.

Sovetlər birliyi dağılanda onun qurduğu peşə təhsili məktəbləri birinci dağıdıldı. Çünki artıq orada verilən bir çox biliklərə ehtiyac qalmamışdı. Müəssisələr, iqtisadiyyat dağılmışdı, iş yerləri itirilmişdi. Bu, peşə məktəblərinə marağı azaltdı. Eyni zamanda peşə məktəbinin invertarında gözü olan məktəb rəhbərləri üçün bu dövr bir fürsətə çevrildi. Biz müstəqilliyimizdən ötən bu otuz il ərzində peşə təhsili sisteminin və məktəblərin tamamilə dağıldığının şahidi olduq.

Azərbaycanda peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə start verilib

Yalnız son illərdə təhsillə bağlı müvafiq qanunların yaradılmasına, yenilənməsinə maraq yarandı. Tədbirlərdə bu məsələlər qaldırıldı. Yaxşı ki, ekspertlərin səsinə səs verənlər tapıldı. Tədricən başa düşməyə başladılar ki, bugünkü şərait yeni reallıqlar yaradır. 

Artıq peşə təhsililə bağlı qanun qəbul edilib. Təhsil Nazirliyi nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Azərbaycan artıq bu sahədə müxtəlif xarici ölkələrin təcrübəsini öyrənməyə başlayıb. Hətta maddi-texniki təminatı müasir tələblərə cavab verən peşə məktəbləri var. Demək olar ki,  peşə təhsilinin məzmunu, müəllim və usta kadrların seçilib yerləşdirilməsi istiqamətində son 3 ildə bir sıra vacib tədbirlər həyata keçirilib. Bununla belə, orta məktəb məzunlarının peşə təhsilinə marağının hələ də az olması problem olaraq qalır. Şagirdlər peşə təhsili almağa hələ də ciddi şəkildə maraq göstərmirlər. Bu da ondan qaynaqlanır ki, orta məktəblərdə peşə təhsili istiqamətində maarifləndirmə işi zəif aparılır.

Etiraf edək ki, peşə təhsili ilə bağlı təbliğat yalnız peşə məktəblərinə qəbul ərəfəsində aparılır. Halbuki bu istiqamətdə ilin on iki ayı iş aparmağa ehtiyac var. Aprel-may aylarında peşə məktəblərinə qəbulla bağlı elanların verilməsilə məsələ bitmiş sayılır. Bəs niyə orta məktəblərin yuxarı sınıf şagirdləri bu barədə məlumatlandırılmır? Niyə onlara əgər ali təhsil almaq istəmirlərsə, yaxud da qəbul ola bilməsələr, az bal toplasalar, peşə məktəblərini seçə biləcəkləri təbliğ edilmir? Bunda həm orta məktəblər, həm də peşə məktəbləri maraqlı olmalıdır.

Müxtəlif sərgilər keçirilməli, şagirdlərin texniki peşə məktəblərinə ekskursiyası təşkil edilməlidir. Yəni, maarifləndirmə tədbirləri ilboyu davam etdirilməlidir. İndiki halda isə bu istiqamətdə görülən işlər yetərincə deyil. Bu sahədə işlər sistemli şəkildə aparılmalıdır ki, gənclərdə peşə təhsili sahəsinə getmək üçün motivasiya yaransın və sözügedən sahəyə istədiyimiz axın baş versin.

Həmçinin, peşə məktəbini bitirənlərin işlə təminatı məsələsi zəmanət altına alınmalıdır. Bunun üçün də texniki peşə məktəbləri iş adamları, müəssisələrlə müqavilələr bağlamalıdır. Peşə məktəblərini bitirən şəxslərin işlə təminat məsələsinə zəmanət verilməlidir. İndilikdə isə belə bir zəmanət olmadığından, şagirdlər də peşə təhsilinə meyl etmir.

Həmçinin təhsil dövründə peşə məktəblərində oxuyanlara da tələbə təqaüdləri verilməlidir. İndiki halda peşə məktəblərinin nüfuzu qaldırılmasa, onların heç də ali məktəblərdən az prestijli olmadığı gənclərə başa salınmasa, bu sahədə inkişaf olmayacaq.

Ekspert gənclərin peşə təhsilinə artan marağının səbəbləri haqqında danışır

Hamı ali təhsil dalınca qaçır. Amma statistika göstərir ki, bizdə orta məktəbləri bitirənlərin sadəcə 25-30 faizi ali məktəblərə daxil ola bilir. Bəs yerdə qalan gənclərin aqibəti necə olur? Onlar həyata necə hazırlanır? Peşələrə necə yiyələnir?

Biz görürük ki, çox vaxt gənclər iş tapa bilmək üçün usta yanında şagird kimi fəaliyyətə başlayır, işi kiminsə əlinə baxaraq öyrənməyə çalışırlar. Eləsi var götürmə qabiliyyəti yaxşıdır, işi öyrənə, qavraya bilir. Eləsi də var ki, bunu bacarmır. Nəzərə almaq lazımdır ki, usta ustadır, pedaqoq, müəllim deyil. Pedaqoq hər bir insanla işləməyi, ona nəyisə öyrətməyi bacarır. Ona görə də peşələri peşə məktəbində öyrətmək və öyrənmək ən yaxşıdır.

Bəzən deyirlər ki, əgər peşə ixtisasına tələbat olsa, meyl də olar. Biz bu gün görürük ki, peşə ixtisaslı kadrlara tələbat var. Lakin peşə təhsili hələ də populyarlıq qazana bilmir. Ali təhsil ocaqlarına qəbul prosedurunun çətin olmasına baxmayaraq, gənclər peşə təhsilindən çox ali təhsil almağa can atırlar. Halbuki peşə təhsilinin səviyyəsi, nüfuzu qalxsa, normal peşə liseyləri yaradılsa, orada yaxşı mütəxəssislər yetişsə, cəmiyyətdə onlara tələbat da yaranacaq, peşə təhsili də populyarlaşaq.

P.s. Bu bloq yazısı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.