Azərbaycanın daha bir klubu avrokuboklarda mübarizəni dayandırıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, “Sumqayıt” və “Keşlə”nin ardınca “Neftçi”nin də çıxışı başa çatıb.
Klubumuz Avropa Liqasının II təsnifat mərhələsində dayanıb. Öncəki raundda Şimali Makedoniyanın “Şkupi” klubunu 2:1 hesabı ilə məğlub edən komanda bu dəfə Türkiyə təmsilçisi "Qalatasaray"la (“Galatasaray”) üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaqların üstünlüyü ilə keçib. İlk yarıda qol buraxan “ağ-qaralar” fasilədən sonra hesabda tarazlıq yaradıb. Amma türkiyəlilər bərabərliyin uzun sürməsinə imkan verməyərək qarşılaşmanı öz xeyrinə başa vurub – 3:1.