RUSİYA

Navalnının Rusiyaya qayıtmaq istəyi Almaniyanı çətin vəziyyətə salır

Aleksey Navalnı üçün pis xəbər ondan ibarətdir ki, onun Rusiyaya qayıdışı bu vəziyyəti yaratmış Berlin üçün xoşagəlməz nəticələr verə bilər.
Sputnik

BAKI, 16 sentyabr — Sputnik, İrina Alksnis. Aleksey Navalnı xəstəxanaya yerləşdirildikdən sonra sosial şəbəkələrdə ilk fotosunu paylaşıb və vəziyyətinin bütün müsbət dinamikası ilə yanaşı, hələ də qalan sağlamlıq problemləri haqqında yazıb.

Bazar ertəsi keçirilən mətbuat konfransında isə Almaniyanın Xarici İşlər naziri Hayko Maas blogerin "Noviçok" ilə zəhərlənməsi ilə bağlı əldə edilmiş nəticələrin tənqidini dayandırmağı tələb edib, çünki Fransa və İsveçdəki hansısa müstəqil laboratoriyalar Bundesver mütəxəssislərinin nəticələrini təsdiqləyib. "Hansısa" laboratoriyalar deyirik, çünki onlar haqqında məlumatlar da məxfiləşdirilib.

Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"

Çətin ki, nazirin istəyi gerçəkləşsin. Amma tam əks bir nəticə ehtimal olunur, çünki i̇ndi Aleksey Navalnı özü Almaniya hakimiyyətini çox pis vəziyyətə qoyub.

"The New York Times" qəzeti Almaniyanın təhlükəsizlik orqanlarının yüksək rütbəli nümayəndəsinə istinadən bildirib ki, Navalnı sağaldıqdan sonra Rusiyaya qayıtmaq və "fəaliyyətini davam etdirmək" niyyətindədir.

Əgər qəzetin bu insayder xəbəri həqiqətə uyğundursa, onda Navalnıya görə yalnız sevinmək olar, çünki belə bir arzu birmənalı şəkildə onun idraki funksiyalarının qaldığını göstərir — həkimlərin dediyinə zidd olaraq.

Son bir neçə onillik ərzində bir çox keçmiş ciddi ictimai-siyasi fiqur "qapını bərkdən çırparaq" Rusiyanı tərk edib. Nəticə həmişə eyni olub: onlar öz ictimai çəkilərini ildırım sürət ilə itirərək, mühacirlərin ümumi kütləsinə qarışıblar. Kremlin barışmaz əleyhdarları statusu ilə yanaşı, onlar həm də bu statusa bağlı olan maliyyə imkanlarını da itiriblər – rusiyalı müxalifətçilər arasında Mixail Xodorkovski kimi həqiqətən varlı insanlar azdır.

Nəticədə, onların indi edə bildikləri yeganə iş Praqada, Riqada və ya Londonda qaldıqları təvazökar mənzillərdən sosial şəbəkələrdə nifrət yağdırmaqdır. Buna görə də ildən-ilə "mən həmişəlik Rusiyanı tərk edirəm, qoy o mənsiz həlak olsun" mövzusu daha az və sakit səslənir.

Aleksey Navalnı üçün isə belə bir tale xüsusilə təhqiredici olardı. O, Rusiyanın ən məşhur müxalifətçisinə çevrilməklə yanaşı, həm də tərəfdarlarından maliyyə vəsaitlərinin toplanmasının son dərəcə səmərəli sistemini qurub. Bu, son illər ərzində onu çox sayda bonuslar və bahalı xarici kurortlarda müntəzəm ailə istirahətindən tutmuş, qızının Stenford Universitetində təhsil almasına qədər yüksək həyat səviyyəsi ilə təmin edib.

Heç də təəccüblü deyil ki, bloger "ağır zəhməti ilə" qazandığını itirmək istəmir.

Rus qazından imtinanın altı variantı

Lakin elə bu məqamda Aleksey Navalnının şəxsi maraqları ilə Qərbin onun üçün yazdığı xəstəlik kağızı arasında prinsipial ziddiyyət yaranır. Almanlar tərəfindən qoyulan diaqnoz onun təhlükəsizlik baxımından vətənə dönməsini yolverilməz edir. Amma blogerin inadla geriyə doğru – az qala onu öldürmüş əjdahanın ağzına – can atması o deməkdir ki, Navalnı "Noviçok" ilə zəhərləndiyinə və Rusiya hakimiyyətinin onun həyatına təhlükə törətdiyinə inanmır.

Navalnı xəstəxanadan vətəninə epikriz ilə qayıtmalıdır. Almaniya tərəfi isə məlum olduğu kimi, Moskvaya onun diaqnozunu təsdiq edən istənilən məlumatı verməkdən imtina edir. Rusiya Baş Prokurorluğu almaniyalı həmkarlarına blogerin bütün xəstəlik tarixçəsi ilə bağlı yoxlama həyata keçirmək üçün növbəti sorğusunu göndərib, lakin Berlinin köməyinə ümid etməyə dəyməz.

Amma blogerin özü ilə "Şarite" klinikasından gətirəcəyi çıxarış Rusiyanın səlahiyyətli orqanlarına bir çox maraqlı məlumatlar verə bilər. Bir sözlə, Aleksey Navalnının Rusiyaya qayıtmaq istəyi almanları son dərəcə xoşagəlməz və çətin vəziyyətə qoyur, çünki onların bu həftə ərzində irəli sürdükləri iddiaları dağıda bilər.

Rusiyanın əsas müxalifətçisini bütün ailəsi ilə birlikdə könüllü olaraq şirin həyatını atmağa razı salmaq almanlar üçün son dərəcə çətin bir iş ola bilər. Lakin bloger üçün pis xəbər ondan ibarətdir ki, onun Rusiyaya qayıdışı bu vəziyyəti yaratmış Berlin üçün xoşagəlməz nəticələr verə bilər.