BAKI, 16 sentyabr — Sputnik. Venesuela hərbçiləri narkotik daşıyan ABŞ təyyarəsini vurublar. Bu barədə ölkənin Daxili İşlər naziri Nestor Reverol bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Reverol vurulmuş laynerin fotoşəkillərini "Twitter" səhifəsində paylaşıb.
"Ölkənin hava məkanına qanunsuz olaraq girmiş Amerika qeydiyyat nömrəli narkotik daşıyan təyyarə Suliya ştatında zərərsizləşdirilib", — o, tvitində yazıb.
Venesuela hərbçiləri narkomafiyanın istifadə etdiyi naməlum təyyarələri tez-tez vururlar. Sonuncu dəfə Amerika qeydiyyat nömrəli təyyarə bu ilin iyulunda "neytrallaşdırılıb".
2013-cü ildə Venesuela Prezidenti Nikolas Maduro ölkənin hava məkanında istənilən narkomafiya təyyarəsini vurmağa icazə verib. Qanun layihəsinin təşəbbüskarı Maduronun sələfi Uqo Çaves olub.