CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keyfiyyətli kadr hazırlayan peşə məktəblərinin sayı artırılmalıdır-Nadir İsrafilov

Ekspert: “İqtisadiyyatda müəyyən peşələr üzrə ixtisaslı kadrlara ciddi tələbat var. Ona görə də, Azərbaycanda peşə təhsili sahəsində maddi-texniki baza gücləndirilməli, dövrün tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlanmalıdır”.
Sputnik

BAKI, 16 sentyabr - Sputnik. İqtisadiyyatda müəyyən peşələr üzrə ixtisaslı kadrlara ciddi tələbat var. Ona görə də, Azərbaycanda peşə təhsili sahəsində maddi-texniki baza gücləndirilməli, dövrün tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlanmalıdır.

Bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib. Onun sözlərinə görə, Azərbaycanda Sovet dövründə texniki peşə təhsili çox yüksək inkişaf səviyyəsinə çatıb:

“Həmin dövrdə texniki peşə təhsilinə maraq böyük idi. Ancaq sonradan Azərbaycanda peşə təhsilinin keyfiyyəti aşağı düşdü. Peşə məktəblərinə maraq və diqqət azaldı. Azərbaycanda təhsilin inkişafı ilə bağlı strategiya qəbul olunub. Orada təhsilin mərhələləri, pillələri, təhsil sahəsindəki mövcud vəziyyət təhlil olunub, hədəflər müəyyənləşdirilib. Peşə təhsili təhsilin əsas pillələrindən biridir.

Peşə təhsili ilə bağlı memorandum kimlərlə imzalanıb? 

Ölkə başçısı da dəfələrlə gənclərlə görüşündə peşə təhsili məsələsini ön plana çəkib. Azərbaycanda artıq bu sahənin inkişafı ilə məşğul olan Peşə Təhsili üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Bu gün orta məktəb məzunlarının bu sahəyə cəlb olunması üçün bütün müasir metodlardan istifadə edilməlidir”.

N.İsrafilov deyir ki, peşə təhsili nəinki təkmilləşdirilməli, əksinə regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq daha da inkişaf etdirilməlidir:

“Buna iqtisadiyyatımızın böyük ehtiyacı var. Dövr tələb edir ki, peşə-ixtisas məsələsi öndə olmalıdır. Almaniya, Yaponiya, Koreya kimi ölkələr məhz yüksək inkişafa peşə-ixtisas səviyyəsini artırmaqla nail olublar. Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Bizim peşə adamlarına böyük ehtiyacımız var. Hesab edirəm ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar öz müsbət nəticəsini verəcək”.

N.İsrafilovun sözlərinə görə, əmək bazarının araşdırması göstərir ki, Azərbaycanda ixtisaslı fəhlə sarıdan ciddi çatışmazlıqlar hələ də qalmaqdadır. Bunun aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilməlidir. Məsələn, Təhsil Nazirliyi Cənubi Koreya ilə texniki peşə məktəblərinin inkişafı ilə bağlı müqavilə imzalayıb. Yeni peşə təhsili mərkəzi yaradılıb. Bu cür müasir avadanlığa və peşəkar pedoqoji heyətə malik peşə məktəblərinin sayı artırılmalıdır.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.