CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusun yeni dalğası qonşu ölkənin təsirindən olacaq

ATU-nun dosenti: Gürcülər 1000 dollar cərimədən qorxub karantin rejiminə riayət edəndə, azərbaycanlılar qucaqlaşmaq, öpüşmək, əllə görüşmək vərdişlərini tərgitmədilər.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Azərbaycanda havalar soyuyan kimi, COVID-19-un yeni dalğası başlayacaq. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm bildirib.  

Xəbər verdiyimiz kimi, Gürcüstanın baş naziri Georgi Qaxaria ölkədə koronavirusun pandemiyasının ikinci dalğasının başlayacağını deyib. Bir sıra mütəxəssislər Gürcüstanın təsiri ilə Azərbaycanda da pandemiyanın növbəti dalğasının olacağını istisna etmirlər.

Ədalət Rüstəm COVID-19-un yeni dalğasının başlayacığı barədə fikrini belə əsaslandırıb:

"Havalar soyuyanda əhalinin əksər hissəsi evini qızdıra bilməyəcək və qazın qiyməti iki qat artacaq. Noyabrda isə əksər evlərdə qaz üçün müəyyən edilmiş limit bitəcək və əhali məcbur qalıb qaz üçün ikiqat ödəniş etməli olacaq. Buna görə də qazı fasilələrlə yandıracaqlar. Bundan başqa, rayonlarda odun qıtlığı problemi olacaq. Bu səbəbdən də hər il olduğu kimi, bu payız-qış mövsümündə də soyuqdəymə halları çox olacaq. Beləcə, soyuqdəymə xəstəlikləri də COVİD-19-a qarışacaq. Bu səbəbdən də ikinci dalğa olacaq".

Onun fikrincə, Gürcüstanda yeni dağlanın olması da Azərbaycana müəyyən qədər təsir edəcək. Çünki Gürcüstanla sərhəddən yük daşıyan sürücülər yoluxaraq bu rəqəmlərin artmasına təsir edə bilərlər: 

ÜST nümayəndəsindən ikinci dalğa barədə optmist proqnoz
"Təxminən 3 ay öncə həkimlərimizdən biri, Elmar Şərifov demişdi ki, Gürcüstan rəqəmlərin onlarda az olmasına sevinməsin. Çünki rəqəmlərin az olması, kollektiv immunitetin daha az olması deməkdir. Nəticədə payızın ilk aylarında havalar soyuyanda, Gürcüstanda yoluxmalar başlayacaq. Bu proqnoz 3 ay öncə bizim alimimiz tərəfindən verilmişdi. Bu isə o deməkdir ki, oktyabrdan etibarən, xüsusən də noyabr və dekabrda rəqəmlər artacaq. Çünki Gürcüstanda dağlıq ərazilər daha çoxdur və o yerlər hələ yayın sonlarında belə soyuq olur".

ATU-nun dosenti deyir ki, payız aylarında Azərbaycan, Gürcüstan və Ermənistanda növbəti dalğanı görəcəyik:

"Gürcüstanla müqayisədə bizdə immunitet qazanan şəxslər daha çoxdur və bu səbəbdən də biz daha şanslı hesab edilə bilərik. Lakin Gürcüstandan fərqli olaraq, 6 ay ərzində Azərbaycanda demək olar ki, sərt karantin rejimi olmadı. Azərbaycanda sərt karantini yalnız marketlərdə çörək üstündə mübarizə olan o iki gündə hiss elədik. Lakin Gürcüstanda sərt karantin rejimi oldu və martda cərimələr başladı. Ondan sonra isə bir nəfər də polis tərəfindən cərimələnmədi. İnsanlar ara məsafəni gözlədilər, maska taxdılar, tələblərə əməl etdilər. Bunun da səbəbi 1000 dollar cərimədən yan keçmək idi. Azərbaycanda isə bunları görmədik. Hətta qucaqlaşmaq, öpüşmək, əllə görüşmək tərgidilmədi. Kişilərin Brejnevsayağı dodaq-dodağa öpüşməsini tərgitmədilər və bu "ənənə" hələ də davam edir".