RUSİYA

Mahatma Qandi və Martin Lüter Kinqə təsir göstərmiş mütəfəkkir

Dünya ədəbiyyatında "Hərb və sülh" qədər geniş planda yazılmış kamil əsər tapmaq çətindir. "Hərb və sülh"dən sonra Lev Tolstoya dünya şöhrəti qazanan əsəri "Anna Karenina" olub.
Sputnik

BAKI, 9 sentyabr - Sputnik. 1828-ci il sentyabrın 9-da dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 — 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. 

Yazdığı "Hərb və sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradıb. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərib.

Xalq yazıçısı: “Bizim ölkədə görkəmli yazıçıların kitabları ən azı 5000 nüsxə çıxmalıdır”

Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur "Kazaklar" və "Hacı Murad" povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplayıb. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən "Sevastopol hekayələri"ni yazır.

Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq "Ailə xoşbəxtliyi" əsərini çap etdirir. O, 1862-ci ildə "Yasnaya Polyana" adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur.

Tolstoy 1880-1890-cı illərdə "İvan İliçin ölümü" (1884-86), "Xolstomer" (1885), "Kreyser sonatası" (1887-1889), "Sergi ata" (1898), "Cəhalət hökmranlığı" (1886), "Maarifin bəhrələri" (1891) əsərlərini yazıb.

Ömrünün altmış ilini bədii yaradıcılığa həsr etmiş və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L.Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunub.