BAKI, 7 sentyabr — Sputnik. Rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının vəziyyəti yaxşılaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə siyasətçinin müalicə aldığı "Charite" klinikası məlumat yayıb.
"Navalnı tibbi komadan çıxarılıb və süni havalandırma aparatından ayrılıb", - deyə klinikanın yaydığı məlumatda bildirilir.
Xatırladaq ki, avqustun 20-də Tomskdan Moskvaya uçan təyyarə Omskda təcili eniş edib. Göyərtədəki blogerin halı pisləşdiyindən onu reanimasiyaya yerləşdiriblər.
S7 aviaşirkətinin məlumatına görə, təyyarədə olarkən Aleksey Navalnı heç nə yeməyib və içməyib. Uçuşdan öncə isə aeroportun kafesində çay içib.
Omsk həkimləri onun orqanizmində zəhər elementləri aşkarlamayıblar. Həkimlərin əsas diaqnozu maddələr mübadiləsinin pozulması nəticəsində qanda şəkərin kəskin enməsidir.
Avqustun 22-də bloger Aleksey Navalnı təyyarə ilə Omskdan Berlinə aparılıb.