CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəşəriyyət üçün ən böyük icad - hər kəsin ondan istifadəsi şərtdirmi?

"Əsas olan peyvəndin tərkibi və onun tərkibinin təsdiqlənib-təsdiqlənməməsidir. Buna baxmaq lazımdır. Həm də peyvəndlərin əksəriyyətinin istehsalı ÜST-ün nəzarətindədir" - Ekspert
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. İnsanları kütləvi şəkildə yeni növ koronavirus infeksiyasından qorumaq məqsədilə immunitetin formalaşması üçün planetin 65-70 faiz əhalisi peyvənd olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş tədqiqatçısı Sumya Svaminatan belə deyib və bildirib ki, virusdan qorunmanın ən yaxşı yolu peyvənd olunmaqdır.

ÜST mütəxəssisi Maria van Kerkxove də peyvəndləmənin əhalini qorumaq üçün ən təsirli üsul olduğunu vurğulayıb.

Payızdan sağ çıxaq: Operativ Qərargahın yanaşması və addımlarından çox şey asılı olacaq>>

COVID-19 bəşəriyyət üçün yeni virus olduğundan onun hazırlanmaqda olan peyvəndi ilə bağlı bir sıra suallar var. Pediatr-neonatoloq-reanimatoloq Telman AytayevSputnik Azərbaycan-a açıqlamasında bəzi məqamlara aydınlıq gətirib:

"Peyvənd bəşəriyyət üçün ən böyük icaddır. Bu gün dünyanın qarşılaşdığı pandemiya şəraitində insanlar üçün ziyanları az və faydaları çox olan bir peyvənd təsdiqlənəcək. Bu peyvəndlər ilk mərhələdə tibbi personala vurulacaq. Çünki ən böyük risk altında olan qrup onlardır. Bundan sonra isə digər risk qruplarına bu peyvəndlər vurulacaq və sonrakı mərhələdə isə bütün əhali üçün əlçatan olacaq".

"Bu gün əhalinin 60-70 faizinin bu virusu keçirməsi pandemiyanın bitməsi mənasına gəlir. Lakin peyvəndlə bağlı deyim ki, onun insanlara pis təsir edəcəyi ilə bağlı bir məlumat yoxdur. Çünki bu gün digər peyvəndlər də əhalinin, demək olar ki, bütün təbəqəsinə edilir. Bu peyvəndlərdən sonra əhalidə həmin xəstəliklərə qarşı immunitet yaranır. Biz bunadək də həmin peyvəndlərin yan təsirlərini görməmişik", - deyə ekspert əlavə edib.

COVID-19-a qarşı peyvənd ölkəyə nə vaxt gətiriləcək? - Prezidentdən açıqlama

O bildirib ki, peyvəndin harada istehsalı önəmli faktor deyil: "Əsas olan peyvəndin tərkibi və onun tərkibinin təsdiqlənib-təsdiqlənməməsidir. Buna baxmaq lazımdır. Həm də peyvəndlərin əksəriyyətinin istehsalı ÜST-ün nəzarətindədir. Bundan başqa, peyvəndin saxlanma şəraiti də çox önəmlidir. Saxlanma şəraiti düzgün olmadıqda o, xarab olur. Bu zaman da peyvəndin insan üzərində pozitiv təsiri itir".

"Peyvənd olunmadan COVID-19-dan qorunmaq mümkündürmü?" sualına cavab olaraq isə ekspert deyib ki, ümumiyyətlə, digər xəstəliklərdən qorunmaq üçün peyvəndlənmə vacib olduğu kimi, bu xəstəlikdə də vaksinasiya tövsiyə edilir: "Müxtəlif xəstəliklərdən qorunma zamanı da peyvəndləmə aparılır və bu zaman bəzən müəyyən əlamətlər, qızdırma, halsızlıq müşahidə edilir. Lakin bunlar xəstəliyə yoluxduqdan sonra müşahidə olunan əlamətlərlə müqayisədə zəifdir. Bu səbəbdən də peyvənd tövsiyə edilir".