Həbibullah Babayev üçün lazımsız material yoxdur. O, bir çoxumuzun gərəksiz adlandırdığı əşyalara ikinci həyat bəxş edir. Yaşadığı ev və həyət onun əl işləri ilə bəzədilib və hər əşya tullantı mişar daşı, şin, çaylaq daşı kimi materiallardan hazırlanıb. Maraqlısı odur ki, Həbibullahın ali təhsili yoxdur.
“Çox istəyərdim ki, rəssamlıq sənətinə yiyələnim, amma hələ ki, bu mənim üçün bir arzu olaraq qalıb. Mənə elə gəlir ki, bu işlər rəssamlığı bilən insanlar üçün daha rahat olar. Mən isə hər iş üzərində əziyyət çəkirəm, nüanslarını internetdə araşdırıram”, - deyə gənc bizimlə bölüşüb.
Onun hazırladığı hər iş bir nüsxədə olduğuna görə o, əl işlərini satmaq fikrində deyil. O, bu işlə satış üçün deyil, dincəlmək üçün məşğul olduğunu deyib.
“Gündəlik qayğılardan, işdən yorulanda bu sənətlə məşğul oluram, beynim dincəlir, ruhum təzələnir”, - deyə Babayev etiraf edib.
Bu vaxta qədər Həbibullah heç bir sərgidə iştirak etməyib. İşlərin əksəriyyətini isə daşımaq qeyri-mümkündür. Amma nə vaxtsa öz işində kamilləşib sərgi təşkil etmək onun planlarından biridir.