BAKI, 30 avqust — Sputnik. La Liqa argentinalı hücumçusu Lionel Messi ilə problem yaşayan “Barselona” klubunun tərəfini saxlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə jurnalist Fabrisio Romano Twitter səhifəsində yazıb.
Liqa hesab edir ki, forvard komanda ilə müqaviləni poza bilməz. Onun klubdan satınalma dəyəri 700 milyon avrodur. KİV-in məlumatına görə, Messinin müqaviləsindəki bir maddə onun bu razılaşmanı birtərəfli qaydada pozmasına imkan verir. Amma “Barselona”da iddia edirlər ki, o maddə artıq yararsızdır, çünki forvard getmək barədə istəyini hər il mövsümün sonunda, mayın 30-dək elan etməli olsa da, bunu yerinə yetirməyib.
Messi isə “Barsa”nı tərk etməkdə qərarlıdır. O, bu barədə rəhbərliyə məlumat göndərib. Argentinalı futbolçu kluba gəlib həkim müayinəsindən də keçməyib. Ancaq bildirilir ki, rəhbərlik onu heyətdə saxlamaq niyyətindədir.
Bu arada Barselona şəhərində artıq Messiyə vida edirlər. Küçə rəssamı TVBoy onun gedişinə "Əlvida, komandante" ('Hasta Siempre Comandante') adını verdiyi qraffiti həsr edib:
Argentinanın prezidenti isə fürsətdən istifadə edərək, Messiyə karyerasını “Nyuells Old Boyz”da bitirməyi təklif edib.
Messinin klub yoldaşı, uruqvaylı hücumçu Luis Suares də “Barselona”nı tərk edə bilər. Bu barədə isə Goal yazır.
33 yaşlı Suaresin durumu Messi ilə oxşardır. Onun da müqaviləsi gələn ilin yayında bitir. Ancaq “Barselona” müqavilə şərtlərini yaxşılaşdırmağa hazırlaşmadığından hüçumçu özünə yeni klub axtarır. Buna rəğmən, Suares komanda ilə məşqlərə davam edir.
Goal yazır ki, Suareslə müqaviləni vaxtından əvvəl pozmaq “Barselona”ya sərf etmir. Çünki bu halda katalonlar Suaresə 15 milyon avro ödəməli olacaqlar. Uruqvaylı futbolçu ilə artıq ABŞ-ın “İnter Mayami” və Qətərin “Əl-Ərəbiyyə” klubları maraqlanırlar.
Messini almağa isə İngiltərənin “Mançester Siti” klubu daha iddialıdır.