Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 21 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, İpoteka və Kredit Zəmanəti Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditləri Fondun razılığı əsasında cari il sentyabrın 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına 1 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb.
Artıq bu müddətin başa çatmasına az qalır. Belə olan halda, pandemiya dövründə işini itirən, hələ də normal gəlir əldə edə bilməyənləri düşündürən bir sual var: güzəşt müddəti artırılacaqmı və ya bunun artırılması üçün zərurət varmı?
İqtisadçı-ekspert Natiq CəfərliSputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb və mövcud vəziyyəti qiymətləndirib: "Pandemiya dövründə paralel yanaşma və proqramların olmaması problemə səbəb oldu. Dünya təcrübəsində isə biz paralel yanaşma və proqramların olduğunu görə bildik. Pandemiyanın vətəndaşlara vurduğu ziyanı aradan qaldırmaq üçün biznesə yardım paketləri qəbul olundu. Çünki vətəndaşın alıcılıq qabiliyyəti olmadan iqtisadiyyatın çarxlarını döndərmək mümkün deyil. Yəni alıcılıq qabiliyyəti olmalıdır ki, iqtisadiyyatın dövriyyəsi artsın. Biznes ayaqda qalmalı, yeni iş yerləri yaranmalıdır ki, alıcılıq qabiliyyəti artsın. Bütün bunlar bir-birinə bağlı, bir-birindən asılı olan məsələlərdir".
"Lakin bizdə sentyabrdan sonra iqtisadiyyatın çarxlarının necə dönəcəyi ilə bağlı heç bir təsəvvür yoxdur. Hökumətin qəbul etdiyi proqramlar yetərli deyil. Bunun üçün böyük vəsaitə, həm də vəsaitin xərclənmə istiqamətinin dəqiq seçilməsinə və buna nəzarətə ciddi ehtiyac var", - deyə ekspert bildirib.
Ekspert əsas məsələyə də toxunub: "İpoteka kreditləri ilə bağlı olaraq da yardımlar davam etdirilməlidir ki, vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşməsin, onların istehlaketmə tempi azalmasın. Çünki istehlakın azalması bütün iqtisadiyyata mənfi təsir edir. Eyni zamanda biznesə, kiçik sahibkarlığa dəstək göstərmək lazımdır ki, yeni iş yerləri yaransın, fəaliyyət göstərsin".
"Bu gün biz Bakının mərkəzi və mərkəzə yaxın yerlərində obyektlərin bağlanmasının şahidi oluruq. Bu da onu göstərir ki, iqtisadiyyatı bir düymə ilə yandırıb, bir düymə ilə anidən söndürmək doğru deyil. Yəni, iqtisadiyyatı bir düymə ilə söndürmək mümkündür, amma onu yenidən yandırmaq zaman alacaq və kifayət qədər vəait tələb edəcək", - deyə N.Cəfərli əlavə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vüqar Bayramov isə Sputnik Azərbaycan-a açıqlamasında təkliflərdən danışıb: "Mərkəzi Bankın bu ilin aprel ayında təsdiq etdiyi tədbirlər planına əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 2020-ci ilin martın 1-dək verilmiş ipoteka kreditləri fondun razılığı ilə bu il sentyabrın 30-dək restruksiasiyası tövsiyə olunurdu. Həmin müddətdə martın 1-dək ödənişi həyata keçirən və pandemiya ilə əlaqədar olaraq kredit tarixində ödənmələrdə yuvanmalar olan vətəndaşlarımızla bağlı neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə daxil olması, yəni borc götürənlərin kredit tarixçəsinin pisləşdirilməməsi tövsiyə olunmuşdu. Təklifimiz ondan ibarətdir ki, pandemiyadan əvvəlki dövrlərdə verilən ipoteka kreditlərinə ödəmədə güzəştlərin olması məqsədəuyğun olardı.
Təklif edirik ki, öncəki dövrlərdə vaxtında ödənişi həyata keçirən, lakin pandemiya dövründə ödənişlərində gecikmələr olan vətəndaşlara güzəştlər olsun. Cərimə faizləri hesablanmasın və eyni zamanada gecikmələrə görə borc alanların adı qara siyahıya daxil edilməsin. Vətəndaş ipoteka krediti yolu ilə mənzil aldığından bu kreditlərin güzəştlə verilməsi daha məqsədəuyğun olardı. Xüsusən də ipoteka ilə mənzil alanlar üçün belə bir addımın atılması sosial təminatının qorunub saxlanması baxımdan vacib hesab edilə bilər".
Vətəndaşlara gəldikdə isə, hökumətin bu qərarından yararlananlar var: "İpoteka kreditinin ödənilməsində müəyyən gecikmələrimiz olur. Lakin çalışırıq ki, çox gecikmə olmasın. Çünki gecikmə çox olarsa, bu zaman bizim üçün maddi yük daha da artmış olacaq. Amma bu günədək gecikmələrə görə bizim üçün hər-hansı problem yaranmayıb".
Digər vətəndaş isə belə şəraitin yaranmasının ən azı stress faktorunu azaltmaqda mühüm rol oynadığını deyir: "Lakin bilirik ki, bu vəsaiti gec, ya tez biz ödəyəcəyik, yəni bu pul bizim boğazımızdan çıxacaqsa, bacardıqca pulu yığıb vaxtında, ya da bir qədər gec də olsa, ödəməyə çalışırıq".
Vətəndaş Güllü Əsgərova isə deyir ki, onlara heç bir güzəşt edilməyib: "Heç bir güzəşt etmirlər, əksinə, sərtləsdirirlər. Belə ki, biz maaşa görə hər ayın 5-nə qədər yox, 10-na qədər ödənişi keçiririk. 2 il qabaq bir də gördüm, 3 kişi səhər gəlib evin şəkillərini çəkir ki, bəs ayın 5-nə qədər ödəniş olmalıdır. Bizdə heç vaxt başqa gecikmə olmayıb. Karantin müddətində də dedilər ki, ağlınız başqa kreditlərə, banklara getməsin, bizdə şərtlər çətindir, ödəməyən kimi evi alırlar. Bax belə. Amma getdikcə pulun dəyəri düşdüyü üçün ipoteka almaq sərf edir. Həm də bir evin pulunu yığmaq var, belə məcbur verirsən".
İpoteka və Kredit Zəmanəti Fondundan isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, AİKZF tərəfindən ipoteka kreditləri gəlirləri rəsmi qaydada təsdiq olunan ödəniş qabiliyyətli borcalanlara verilir və bunun sayəsində yüksək keyfiyyətli ipoteka kreditləri portfeli formalaşıb: "Hazırda Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə borcalanlar tərəfindən öhdəliklərin icrasında əvvəlki dövrlərlə müqayisədə ciddi fərqli tendensiya müşahidə edilmir. Bununla belə, pandemiya ilə əlaqədar müxtəlif səbəblərdən ödənişlərində çətinlik yaranan müəyyən şəxslər də olub".
"Qeyd etmək lazımdır ki, Fondun qaydalarına əsasən, intizamlı borcalanlar müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri (gəlirin azalması və ya itirilməsi, xəstəlik, bədbəxt hadisə, özünün və ya himayəsində olan şəxslərin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin artması və s.) hallarda kreditin restrukturizasiyası üçün müraciət edə bilərlər. Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin restrukturizasiyası ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası" ilə tənzimlənir.
Lakin məlumat üçün bildiririk ki, 2020-ci il ərzində cəmi 44 ipoteka krediti restrukturizasiya olunub ki, bu da ipoteka kreditlərinin çox cüzi hissəsini (0.18%) təşkil edir. Bütün restrukturizasiya olunmuş kreditlər üzrə öhdəliklər borcalanlar tərəfindən vaxtında icra olunur", - deyə sorğuya cavabda bildirilib.