RUSİYA

"Qoşun gətirirlər": Norveçdə nə baş verir

Rəyi soruşulan analitiklərin əksəriyyəti əmindir: yaxın illərdə amerikalılar Skandinaviyanın şimalına tez-tez gələcəklər. Özü də heç də dinc məqsədlərlə deyil
Sputnik

BAKI, 20 avqust — Sputnik, Nikolay Protopopov. Nüvə sualtı qayıqları, güclü radiolokasiya stansiyaları, irimiqyaslı təlimlər və kəşfiyyat missiyaları — NATO Avropanın şimalında getdikcə daha da fəallaşır. Rusiya XİN-in məlumatına görə, Alyans məqsədli şəkildə Norveçi hərbi kontingenti ilə doldurur – digər Avropa ölkələrində olduğu kimi, "Rusiya təhlükəsi" adı altında. Bu Skandinaviya krallığının Alyans üçün növbəti Polşa olub-olmayacağı barədə RİA Novosti-nin materialında.

Qeyri-sağlam fəaliyyət

NATO Norveçdə hərbi mövcudluğunun gücləndirilməsinin vacibliyi haqqında sözlərdən praktiki işə keçir. Alyansın gəmilərinin Norveç donanmasının cəlb edilməsi ilə Barens və Norveç dənizlərində apardığı təlimlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Regionda blokun kəşfiyyat missiyalarının miqyası genişlənir – Rusiyanın Arktikadakı sərhədləri yaxınlığında Norveçin kəşfiyyat gəmiləri fəaliyyət göstərir, Norveç bazalarından isə ABŞ Hərbi Dəniz Qüvvələrinin "Poseidon" təyyarələri patrul uçuşlarına çıxır. Oslo və Vaşinqton dəniz piyadaları bölmələrinin ölkədə dislokasiya razılaşmasını uzadıb və onların sayını iki dəfə artırıblar.

Rusiyanın pilotsuz "ovçu"su ABŞ və NATO-nu niyə bu qədər narahat edir

2018-ci ildə Norveçdə NATO-nun "Trident Juncture" adlı ən böyük təlimləri keçirilib. Əlli minə yaxın hərbçi şərti düşmənin hücumu zamanı kollektiv müdafiəni məşq edib. Manevrlər meydanında Alyans 65 döyüş gəmisindən, o cümlədən Amerikanın soyuq müharibə dövründən Norveç dənizinə ilk dəfə daxil olan "Harri Trumen" aviadaşıyıcısından istifadə edib.

NATO Norveçin şimalında "Qlobus-3" raket hücumuna dair xəbərdarlıq sisteminin radiolokasiya stansiyasını qurur. Tikinti Vardö adasında Rusiyadan yalnız bir neçə kilometr aralıda aparılır. Yeni radiolokasiya stansiyasının köməyi ilə natoçular Rusiyanın raket silahının sınaqlarını görə, Şimal donanması gəmilərinin hərəkətini, "şərti düşmənin" daxili ərazilərini izləyə biləcəklər. Həmçinin Bardufoss, Evenes, Banak, Erlann və Rüqe hərbi aerodromları modernləşdirilir, Qrotsund liman terminalı Amerika atom sualtı qayıqlarını qəbul etmək üçün yenidən qurulur.

Rusiya XİN-i dəfələrlə bəyan edib ki, NATO-nun Avropanın şimalındakı fəaliyyəti Arktikanın hərbiləşdirilməsinə səbəb olur. Xüsusilə alyans aviasiyasının kəşfiyyat uçuşları narahatedicidir. Uzun müddətdir ki, Rusiya Müdafiə Nazirliyi sərhədlərdə peyda olan ABŞ kəşfiyyat təyyarələrinə dair məlumatlar yayır. Hər dəfə döyüş təyyarələrini havaya qaldırmaq və onları daxili hava məkanından uzaqlaşdırmaq lazım olur.

Belə ki, bir həftə əvvəl MiQ-31 qırıcısı sərhəd yaxınlığında "Poseidon" təyyarəsinin qarşısını alıb. Avqustun 4-də isə hava məkanına nəzarət vasitələri Barens dənizinin suları üzərində Norveçin "Falcon 20" radiotexniki kəşfiyyat və radioelektron mübarizə təyyarəsini aşkar edib. Onu da qırıcıdan istifadə edərək geri qaytarıblar.

NATO-nun şimal plasdarmı

Hərbi elmlər doktoru Konstantin Sivkov RİA Novosti ilə söhbətində bildirib ki, Oslo hələ ki NATO-nun tədbirlərindən uzaqlaşmağa çalışır, lakin bunu etmək getdikcə daha da çətindir.

"Ölkə rəhbərliyi dəyişərsə, hər şey, o cümlədən Amerika hərbi bazalarının peyda olması baş verə bilər. Norveç artıq Amerika hərbi kontingentini təlimlər üçün yerləşdirib, ABŞ-ın sualtı qayıqlarını öz bazalarında qəbul edir. Militarizasiya kursu göz qabağındadır. Vəziyyətin necə dəyişəcəyi məlum deyil. Lakin aydındır ki, hərbi və siyasi gərginlik artdıqca Oslo Vaşinqtonun təzyiqləri qarşısında dözməyəcək. O cümlədən ona görə ki, Arktika uğrunda gözlənilən sərt mübarizə fonunda norveçlilər amerikalılara çox ümid bəsləyirlər", - ekspert bildirir.

Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər

Norveçin xarici kəşfiyyat rəhbəri Morten Haq Lunde Rusiya və Çini krallıq üçün əsas təhlükə hesab edir. Bu, vəziyyətin süni şəkildə gərginləşməsini və xarici düşmən axtarışını sübut edir. Rusiyanın yeni uzaqmənzilli raketləri xüsusi narahatlıq doğurub. Morten Haq Lunde Kola yarımadasında və Barens dənizinin şimal hissəsində hərbi bazaların gücləndirilməsini, Şimal donanmasının təlimlərini, qabaqcıl silah sistemlərini istinad gətirib. Onun fikrincə, təhlükə həm də "Sarmat" qitələrarası raket kompleksindən, hipersəs "Avanqard" və "Kinjal" raketlərindən qaynaqlanır.

"Valday" analitik klubunun hərbi eksperti Artyom Kureyev bildirib ki, əhalini "Rusiya təhlükəsi" ilə qorxudurlar – o cümlədən televiziya ekranları vasitəsi ilə.

"Norveçin siyasi isteblişmenti Rusiyanın timsalında təhlükəli qonşunu, faktiki olaraq potensial rəqibi görməyə meyllidir", - o qeyd edib.

Kureyev xatırladıb ki, Norveç soyuq müharibənin bitməsindən sonra Rus Şimalında kifayət qədər müstəqil siyasət aparıb. Məsələn, Norveçin xüsusi xidmət orqanları Şimal donanmasının vəziyyətini diqqətlə izləyib və hətta regionun kiçik xalqlarının separatizmini dəstəkləyərək "Rusiya imperializmindən" zərər çəkmiş ayrıca "pomor subetnosu" haqqında danışmağa başlayıb.

İki stulda oturmaq

Qeyd etmək lazımdır ki, Norveç Şimali Atlantika Alyansına 1949-cu ildə qoşulub, lakin tarixən Sovet İttifaqı ilə münasibətləri gərginləşdirməmək üçün olduqca ehtiyatlı mövqe tutmağa çalışıb. Belə ki, Oslo dinc dövrdə xarici hərbi bazalar yaratmaqdan, həmçinin ölkədə atom silahı və orta mənzilli raketlərin yerləşdirilməsindən imtina edib. Ayrıca bir razılaşmaya əsasən, Norveçdə cəmi bir neçə yüz ABŞ dənizçisi yerləşdirilib.

Lakin coğrafi mövqeyinə görə bu Skandinaviya ölkəsi NATO üçün həmişə strateji əhəmiyyətə malik olub. Axı sovet, daha sonra isə Rusiya sualtı qayıqlarını Atlantikaya çıxara biləcək yeganə yol düz onun yaxınlığından keçir. Bundan əlavə, Norveç alyansın NADGE (NATO Air Defence Ground Environment) adlı hava hücumundan müdafiə sisteminin əsas elementidir. Bütün Avropadan Türkiyəyə qədər uzanan radiolokasiya stansiyalarından ibarət sistem buradan başlayır.

NATO-ya “sevgilərlə” - “İskəndər”ə matros köynəyi geyindirirlər

"Norveçə nəzarət NATO-ya imkan verirdi ki, müharibə zamanı sovet atom sualtı qayıqlarının Atlantikaya çıxışına mane olsun. Bununla yanaşı, Oslo öz ərazisində Alyansın və ABŞ-ın bazalarını yerləşdirməməklə, Moskvanı NATO-nun sülhsevər, müdafiə xarakterli olmasına inandırmağa çalışırdı. Bununla belə, bu, heç bir zaman vikinqlərin nəvələrinə Alyansın qlobal təlimlərini qəbul etməyə və radiolokasiya izləmə stansiyalarını yerləşdirməyə mane olmayıb", - Kureyev bildirib.

Fyordlar ölkəsi ABŞ-ın Şimali Atlantikada patrul edən atom sualtı qayıqları üçün çoxdandır etibarlı sığınacaq rolunu oynayır – burada NATO-nun AWACS "uçan radarları" və kəşfiyyat təyyarələrinin yerləşdiyi aerodromlar var. Burada NATO texnikasını qəbul etmək üçün aviasiya bazaları, çoxlu sayda ağır silah anbarları və müttəfiq qüvvələrinin yerləşdirilməsi üçün hazır infrastruktur mövcuddur.

"Amma Norveçin ikinci Polşa olacağını söyləmək olmaz — Oslonun öz müdafiə doktrinası var. Əhali Amerika əsgərlərinin ölkədə yerləşdirilməsini mənfi qarşılaya bilər. Elektorat bunu ölkənin öz qüvvələri ilə özünü müdafiə edə bilməməsi kimi qiymətləndirəcək ki, bu da hakimiyyətin xeyrinə olmayacaq", — ekspert vurğulayır.

Bütün bunlarla yanaşı, rəyi soruşulan analitiklərin əksəriyyəti əmindir: yaxın illərdə amerikalılar Skandinaviyanın şimalına tez-tez gələcəklər. Özü də heç də dinc məqsədlərlə deyil.