CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident xəbərdarlıq etdi, dövlət qurumu vəd verdi - Lakin faciə davam edir

Millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, kəmərin çəkilməsi məsələsi noyabrın axırına kimi başa çatmayacaq.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. İyun ayından etibarən Xəzər dənizinin suyu Kür çayına qarışdığı üçün Neftçala və ətraf 38 kənd içməli suya möhtac qalıb.

Neftçalara Rayon İcra Hakimiyyəti, Azərsu ASC, AAYDA və digər qurumlar vətəndaşlara xüsusi avtomobilllərlə su daşıyır və onları su ilə təmin etməyə çalışırlar.

Neftçalalılar üçün su gəldi, amma heç gözləmədikləri yerdən

Neftçala sakinləri bu gün də vəziyyətin dəyişməz olaraq, qaldığını bildirirlər. Onların sözlərinə görə, bir tərəfdən ölkədə olan pandemiya və onun stresi, digər tərəfdən isə susuzluq onları çıxılmaz vəziyyətə salıb.

Neftçala və ətraf qəsəbələrə su günün müəyyən saatlarında xüsusi avtomobillərlə daşınaraq quyulara vurulur.

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, daha etibarlı mənbə olaraq Şirvan-Muğan magistral xəttindən Salyan ərazisinə 44 kilometr magistral xəttin tikintisinə artıq başlanılıb:

"Neftçalada vəziyyət hələ ki, olduğu kimi qalır: "Neftçalaya və 30-dan çox kənd və qəsəbəyə su avtomobillərlə daşınaraq təmin edilir".

Onun sözlərinə görə, hazırda Şirvan-Muğan su kəmərindən Neftçala şəhərinə su kəmərinin tikintisi davam etdirilir. Magistral kəmərin 20 kilometrdən çox hissəsi artıq tikilib.

"Noyabr ayına qədər su kəmərinin tikintinin başa çatdırılmaıs planlaşdırılır. Və sonra həmin kəmərdən Neftçalaya və ətraf kəndlərə su veriləcək" - deyə Cəbrayıllı bildirib.

Noyabr ayına qədər isə su neftçalalılara ancaq avtomobillərlə veriləcək.

Millət vəkili Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Neftçalada su problemi ilə bağlı dəfələrlə mətbuata məlumat verilib, Milli Məclisdə məsələ qaldırılıb, ölkə başçısına məktub ünvanlanıb: "Ölkədə su qıtlığı ilə bağlı müşavirə keçirildi. Və orada Neftçala məsələsi də müzakirə edildi. Ölkə başçısının tapşırığı ilə, əlavə su daşyan avtomobillər ayrıldı, Neftçalaya ayrıca su kəmərinin çəkilməsi müzakirə edildi. Bu məsələnin həlli üçün hələ keçən ilin dekabr ayından vəsait ayrılıb. Bu işlə Azərsu ASC məşğuldur. Ancaq təəssüf olsun ki, bu il aparılan müzakirələrə, çalınan həyəcan təbilinə, və s. baxmayaraq yayın qızmar günlərində Neftçalaya su kəmərinin çəkilişi başa çatdırılmadı".

Qaragünlü neft rayonu: Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib

S. Rüstəmxanlı qeyd edib ki, su kəmərinin çəkilişinin başa çatdırılmamasının müxtəlif səbəbləri var. Maliyyənin müəyyən hissəsinin gecikdirilməsi, layihələrə vaxtında başlanılmaması gecikməyə səbəb olub.

"İndi deyirlər ki, noyabr ayında Neftçalaya su çəkilişi başa çata bilər. Bu kəmər Neftçala şəhərinin və bəzi kəndlərinin içməli su problemini həll edə bilər. Amma əkin sahələrinin, heyvandarlığın su ilə təmin edilməsi tamam ayrı bir məslədir. Müşahidələrimə görə, əgər bu sahədə bir dönüş olmasa Kür çayından istifadədə bir qayda-qanun, ciddi nəzarət mexanizmi yaradılmasa, gələn il eyni faciə təkrar oluna bilər" - deyən millət vəkili qeyd eidb ki, bu məsələdə bir sıra qüsurlar var və öz həllini tapmalıdır.

Kürün dənizə tökülməsi, deltasının yanlış dəyişdirilməsi, orada gedən işlər, qazıntı-dərinləşdirmə prosesləri, Kür boyu olan saysız-hesabsız balıqçılıq təsərrüfatları, suvarma sistemi, (kimin gücü varsa daha çox su götürür, yerdə qalan təsərrüfatların susuz qalması) bunlar ciddi müzakirə olunmalı, nizmalanmalıdır.

S. Rüstəmxanlı hesab edir ki, artıq yağışlar başlayıb. Kürün suyu artacaq və şor su dənizə doğru qovulacaq. Heyvanların su ilə təmin edilmsi həll ediləcək.

"Suvarma azaldığına görə Kür suyu qaydasına düşəcək. Amma vəziyyət gələn il yenidən təkrar edilə bilər. Bu səbəbdən də gələn il ə qədər bu iş həll olunmalıdır" - deyə o bildirib.

S. Rüstəmxanlı hesab edir ki, kəmərin çəkilməsi noyabrın sonuna kimi başa çatmayacaq.

Çünki işin tempi sürəti onu göstərir ki, nikbin olmağa əsas yoxdur. Su kəməri gecikəcək: "Bununla yanaşı su kəməri Neftçalaya gəlib çatandan sonra onun paylaşma problemi də var. Neftçalada olan su paylayıcı kəmərin vəziyyəti gözdən keçirilməlidir. Orada yeni sistemlər qurulmalıdır. Bu da vaxt aparır. Bu işlər görülməsə, su Neftçalaya çatsa belə, paylanmasında problemlər olacaq".