RUSİYA

Dollara yer yoxdur - iki nəhəng "dünya valyutası"na qarşı birləşir

Birinci rübdə Rusiya ilə Çin arasında ticarət əməliyyatları üzrə hesablaşmalarda dolların payı tarixdə ilk dəfə olaraq 50 faizdən 46 faizə enib. İndi avronun payına 30 faiz, milli valyutalar – rubl və yuanın payına – 24 faiz düşür
Sputnik

BAKI, 18 avqust — Sputnik, Natalya Dembinskaya. Moskva və Pekin Amerika valyutasından uzaqlaşmağa davam edirlər. Belə ki, Rusiya və Çin arasında ticarət əməliyyatları üzrə hesablaşmalarda dolların payı minimuma enib, milli valyutaların payı isə maksimuma qalxıb. İqtisadçılar əmindirlər ki, sonda hər şey "maliyyə alyansı" ilə bitəcək. Elə bir alyans ki, orada Amerika valyutası üçün ümumiyyətlə yer olmayacaq. İnvestorlar da dollardan uzaqlaşır və sərmayəni qızıla qoyurlar.

Avronun "bəyliyi" nə vaxta qədərdir? - "Onlar prosesi tam idarə edə bilmirlər"

Avro və yuan

Birinci rübdə Rusiya ilə Çin arasında ticarət əməliyyatları üzrə hesablaşmalarda dolların payı tarixdə ilk dəfə olaraq 50 faizdən 46 faizə enib. İndi avronun payına 30 faiz, milli valyutalar – rubl və yuanın payına – 24 faiz düşür. Bu dəyişiklik Rusiya iqtisadiyyatının dedollarizasiyası və onun ABŞ-ın yeni sanksiyaları qarşısında dayanıqlığının artırılması strategiyasının bir hissəsidir.

Son illərdə Moskva və Pekin dolları ikitərəfli ticarətdən planlı şəkildə çıxarırlar. Hələ 2014-cü ildə tərəflər 150 milyard yuanlıq (24,5 milyard dollarlıq) üçillik svop sazişi imzalayıblar. Saziş açıq bazarda milli valyuta satın almağa ehtiyac olmadan valyutalara qarşılıqlı çıxış imkanını açır.

2015-ci ildə əməliyyatların təxminən 90 faizi dollar ilə həyata keçirilib. Amma artıq 2019-cu ildə bu rəqəm 51 faiz idi. Rusiyanın neft nəhəngi "Rosneft" isə bütün ixrac müqavilələrini avroya köçürüb.

"Nikkei Asian Review" nəşri qeyd edir ki, Rusiya-Çin "dedollarizasiyası", demək olar ki, Amerika valyutasının iştirakı olmadan "maliyyə alyansını" formalaşdıra biləcək "sıçrayış anına" yaxınlaşır.

Çap dəzgahı

Rusiya və Çinin güclənməsi dollara olan tələbatın azalmasının əsas səbəblərindən biridir. Lakin yeganə səbəb deyil. Aparıcı investisiya banklarının dediyi kimi, ABŞ valyutasına çuxuru Federal Ehtiyat Sistemi (FED) qazır.

İqtisadiyyatı dəstəkləmək üçün FED faiz dərəcəsini sıfıra endirib və çap maşınını işə salıb. Koronavirus böhranının başlanğıcından bəri FED bazarlara təxminən altı trilyon dollar buraxıb. Maliyyəçilər "tarixi təcrübə"dən danışırlar: çap maşını tam gücü ilə işləyir və ölkəni heç nə ilə təmin edilməmiş nağd pulla doldurur. Və bu, yavaş-yavaş dolları öldürür.

Dünyanın bir nömrəli valyutasını taxtdan salırlar?

Amerika valyutasının indeksi durmadan azalır, dövlət istiqrazlarının gəlirliliyi isə aşağı düşür. Apreldən etibarən dollar altı əsas valyuta səbətinə nisbətən 10 faizini itirib – bu rəqəm son dəfə 2018-ci ilin mayında bu qədər aşağı düşüb.

ABŞ-ın ən böyük banklarından biri olan "Goldman Sachs" təxmin edib ki, çap maşını FED-in balansını artıq 2,8 trilyon dollar səviyyəsində şişirdib. İnvestorlar dollar aktivlərindən çıxır və pulu qızıla köçürürlər. Və bu, dövlət istiqrazları üzrə dərəcələrin aşağı olması fonunda baş verir: ABŞ qiymətli kağızlarının real gəlirliliyi sıfırdadır.

"FED bir neçə ay ərzində dörd trilyon dollardan artıq pul çap edib — bu, əvvəlki 11 ildən çoxdur. Reaksiya adekvatdır: heç bir təminatı olmayan valyuta satılır, dollar ucuzlaşır", – maliyyə eksperti Yan Marçinski deyib.

Dəyərinin üçdə birini itirəcək

Beynəlxalq Valyuta Fondu (BVF) avqust hesabatında risklər barədə xəbərdarlıq edib. Böhranla mübarizə üçün çap olunmuş trilyonlarla dollar və çox aşağı dərəcələr ehtiyat valyutasını sarsıdır: investorlar ABŞ-ın dövlət borcundan qaçırlar.

BVF-in keçmiş direktor müavini Ju Min hesab edir ki, Konqresin ən azı bir trilyon dollar təşkil edəcək yeni maliyyə yardım paketi əsl böhrana səbəb olacaq.

Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...

Onun sözlərinə görə, dolları investorların etimadından məhrum edəcək "partlayış" baş verə bilər. O izah edib ki, borc içində olan iri şirkətlər müflisləşməyə başlayarsa, belə bir partlayış baş verəcək.

2008-ci ilin maliyyə böhranından sonra korporativ sektor daha da zəifləyib, aşağı faiz dərəcələri isə ona borcların həcmini kəskin şəkildə artırmağa imkan verib.

Amerika iqtisadiyyatı üzərində federal hökumətin 26 trilyon dollarlıq borcu əmələ gəlib. UBS bankında hesab edirlər ki, bu, son nəticədə dolları vuracaq.

"Uzunmüddətli perspektivdə dövlət borcunun artımı, ehtimal ki, Amerika valyutasına təsir edəcək", - UBS bankının strateqi Tomas Fluri bildirib.

"Morgan Stanley" investisiya bankının Asiya bölməsinin keçmiş rəhbəri Stiven Rouç isə hesab edir ki, dollar hələ də "qeyri-məhdud imtiyazlardan" istifadə edir, lakin onun dövrü sona çatır. Maliyyəçi proqnozlaşdırır ki, Amerika valyutası 2021-ci ildə üçdə biri qədər dəyərsizləşə bilər. Buna əhalinin əmanətlərinin kəskin şəkildə azalması və ABŞ-ın əsas ticarət tərəfdaşlarının böhrandan uğurla çıxması fonunda ABŞ dövlət borcunun artması səbəb olacaq.