İDMAN

Baş məşqçi getdi, yaşasın yenisi! “Yuve” Sarriyə əvəz tapdı

Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir
Sputnik

BAKI, 8 avqust — Sputnik. Mövsümün nəticələrinə görə bu gün işdən çıxarılan baş məşqçi Maurisio Sarriyə “Yuventus” əvəz tapıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalistlər Fabrisio Romano, Canluka Di Marsio və digər insayderlər bildiriblər ki, italyan klubuna onun keçmiş yarımmüdafiəçisi Andrea Pirlo rəhbərlik edəcək.

Pirlo iyulun sonunda Turin klubunun 23 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunmuşdu.

Məşqçi karyerasında bir ilk yaşayacaq Andre Pirlonu “Yuventus”un prezidenti Andrea Anyelli özü seçib.

Klub sosial şəbəkə hesabından rəsmi olaraq Pirlonun baş məşqçi təyin olunduğunu bildirib.

Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir.

Andrea Pirlo İtaliya millisinin tərkibində 2006-cı ildə dünya çempionu olub. “İnter”, “Milan” və “Yuventus” klublarındakı oyunlarıyla məşhurlaşıb. Futbolçu karyerasını 2017-ci ilin noyabrında “Nyu-York Siti”də başa vurub.

Bildirək ki, dünən Çempionlar Liqasının 1/8 finalında “Yuventus” “Lion”a iki oyunun nəticələrinə görə (0:1, 2:1) uduzaraq yarışı tərk edib. Bu mövsüm İtaliya çempionu olmasına rəğmən klubun baş məşqçisi Maurisio Sarri bu gün vəzifəsindən azad edilib. O, “Yuve”yə 2019-cu ildə Massimilano Alleqrinin əvəzinə gəlmişdi.