İQTİSADİYYAT

Hər şey elə də pis deyil - Dünya nəhənginin bizi atıb getmək fikri yoxdur

"BP Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "Rystad Energy"nin analitiki Parul Çopranın BP beynəlxalq neft şirkətləri qrupunun bir sıra ölkələrdən, o cümlədən, Azərbaycan çıxmasının mümkünlüyü barədə dediklərini şərh edib.
Sputnik

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. BP şirkətinin rəsmiləri Azərbaycandan getmək barədə heç bir bəyanat verməyiblər. Bunu Sputnik Azərbaycan-a "BP Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "Rystad Energy"nin analitiki Parul Çopranın BP beynəlxalq neft şirkətləri qrupunun bir sıra ölkələrdən, o cümlədən, Azərbaycan çıxmasının mümkünlüyü barədə dediklərini şərh edərkən bildirib.

Era sona yaxınlaşır: böyük neft şoku yaşanacaq

Bundan başqa, avqustun 4-də BP Group bütün dünyada təmiz enerji strategiyasını elan edib.

Avqustun 5-də isə BP-nin Yaxın Şərq və Xəzər regionunda Xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz məqaləsində bunun Azərbaycan üçün nə demək olduğunu açıqlayıb. Onun sözlərinə görə, hələ fevral ayında BP öz yeni məramını, "xalis sıfır" hədəfini və məqsədlərini elan edib. Enerji haqqında təsəvvürləri yeniləmək və BP-ni yenidən qurmaq planları olduğunu açıqlayıb. İndi isə həmin hədəfləri necə reallaşdıracağını müəyyənləşdirən strategiyanı elan edib.

"Yeni məqsəd və hədəflərimiz insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yenidən formalaşdırmağa yönəlib və yeni hədəfimiz 2050-ci ilə qədər və ya daha tez bir vaxtda emissiyaları "xalis sıfır" səviyyəsinə çatdırmaq və dünyanın da bu hədəfə çatmasına yardım etməkdir. Bu hədəfə çatmaq üçün dediyimiz kimi biz BP-ni yenidən qurmalı, daha yığcam, daha sürətli və az karbonlu şirkətə çevirməliyik", - deyə Aslanbəyli bildirib.

Onun sözlərinə görə, bu strategiya BP-ni təbii ehtiyatların hasilatını həyata keçirən beynəlxalq neft şirkətindən müştərilər üçün çözümlər təmin edən inteqrasiyalı enerji şirkətinə çevirəcək.

Şist kollapsı: ABŞ neft hasilatının düşməsi üzrə rekordsmen olacaq

"Baş icraçı direktorumuz Bernard Luninin də dediyi kimi, bir əsrdən çoxdur ki, BP beynəlxalq neft şirkəti kimi fəaliyyət göstərir – bu, iki əsas biznesin hasil etdiyi iki əsas əmtəə ilə müəyyənləşir. İndi isə biz istiqamətimizi inteqrasiyalı enerji şirkətinə çevrilməyə yönəldirik, yəni beynəlxalq neft şirkətindən inteqrasiyalı enerji şirkətinə, daha dəqiq desək, təbii ehtiyatların hasilatına yönəlmiş şirkətdən müştərilər üçün enerji çözümləri təmin etməyə yönəlmiş şirkətə çevrilirik", - deyə vitse-prezident vurğulayıb.

O deyib ki, bunu etməyə indi başlamalıdırlar və sürətlə hərəkət etmək niyyətindədirlər.

"On il ərzində indikindən çox fərqli bir enerji şirkətinə çevriləcəyimizi gözləyirik. Görürük ki, yeni enerjiyə keçid prosesi sürətlənir və müştərilər – yəni ölkələr, sənaye sektorları, böyük və kiçik şirkətlər və eləcə də istehlakçılar - öz enerji ehtiyaclarını qarşılamaq üçün məhz öz ehtiyaclarına uyğun, getdikcə daha az karbonlu çözümlər istəyirlər. Bu dəyişən tələbatları qarşılamaq və "xalis sıfır" hədəfinə doğru irəliləmək üçün biz BP şirkətinin 2030-cu ilə qədər daha çox şaxələnmiş bir enerji şirkəti olacağını gözləyirik və buna nail olmaq üçün bir sıra işlər görəcəyik. Bunlara bərpa olunan enerji üzrə xalis istehsal gücümüzü 2019-cu ildə olduğundan 20 qat artıraraq 50 QVt-a, az karbonlu enerji sahələrinə investisiya qoyuluşunu 10 dəfə artıraraq təxminən illik 5 milyard ABŞ dolları səviyyəsinə, istehlakçılarla təmaslarımızı ikiqat artıraraq gündə 20 milyona çatdırmaq, neft və qaz hasilatını tədricən ən azı gündə bir milyon barrel neft ekvivalenti və yaxud 40 faiz səviyyəsində azaltmaq, neft və qaz kəşfiyyatı üzrə fəaliyyətlərimizi yüksək göstəricilərimiz olan mövcud hövzələrdə cəmləşdirmək və yeni ölkələrə daxil olmamaq aiddir", - Aslanbəyli əlavə edib.

Nə qədər qalıb - Azərbaycanın neft ehtiyatları yenidən dəyərləndirildi

BP yetkilisi, bunun şirkətin Azərbaycanda və Xəzər regionunda fəaliyyətlərini tədricən azaldacağı anlamına gəlmədiyini də qeyd edib:

"Neft və qaz tədricən azalacaq, lakin BP-nin əhəmiyyətli bir hissəsi kimi qalacaq. Dəyişən odur ki, BP bundan sonra daha neft və qazın üstünlük təşkil etdiyi şirkət olmayacaq. O, şaxələnmiş portfelli bir inteqrasiya edilmiş enerji şirkəti olacaq – belə ki, neft və qaz daha tarazlaşdırılmış bir portfelin tərkib hissəsi olacaq. B. Luninin də dediyi kimi "neft və qaz qarşıdan gələn onilliklər ərzində BP portfelinin tərkib hissəsi olaraq qalacaq. Onlar bizim strategiyanın əsas hissəsidir. Faktiki olaraq, onlar strategiyanın həyata keçirilməsinə imkan yaradır. Onlar transformasiyamızın gerçəkləşməsinə təkan verir. Beləliklə, biz şirkətimizin fəaliyyət istiqamətini enerjinin fərqli formaları ilə şaxələndirmək niyyətindəyik – bərpa olunan enerji, bioenerji və hidrogen. Amma neft və qaz bizim öhdəliyimiz olan ölkələrdə BP üçün əsas sahə olmaqda davam edəcək. Bu öhdəliyin bir hissəsi olaraq 2030-cu ildə biz hələ də qlobal miqyasda neft və qaz biznesimizə ildə təxminən 9 milyard ABŞ dolları investisiya qoyacağıq".

"Neft ixrac edən və tam üzən rejimə malik ölkələrin valyutası devalvasiyaya uğrayıb"

BP-nin Azərbaycanda iri neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə cavabdeh olduğunu xatırladan vitse-prezident deyib ki, burada neft və qaz biznesimizin keyfiyyət baxımından sənayedəki aparıcı mövqeyini qoruyub saxlamaqla, bu ölkədə işləri uğurla davam etdirəcəklər:

"Azərbaycanda neft və qaz üzrə fəaliyyətlərimizi təhlükəsiz, etibarlı və dayanıqlı şəkildə həyata keçirəcək, ölkə və səhmdarlar üçün gəlirlər yaratmaqda davam edəcəyik. Təxminən otuz ildir Azərbaycanda və Xəzər regionunda varıq, hasilat, nəqletmə və kəşfiyyat sahələrinə sərmayə qoyuruq. Növbəti bir neçə onillik ərzində də kəşfiyyat sahəsinə investisiya qoyuluşu da daxil olmaqla burada neft və qaz üzrə biznesimizi davam etdirəcəyik. Bununla belə uzunmüddətli enerji tərəfdaşlığımızın bir sıra digər sahələrində də Azərbaycan və region ilə əlaqələrimizi genişləndirmək üçün yeni imkanlara baxmaqda da davam edəcəyik".

Neft 100 dollar olacaq, söz veriblər

Hazırda şirkətdə görülən işlər haqqında da məlumat verən Aslanbəyli deyib ki, COVID-19 pandemiyasının yaratdığı çətin vəziyyətlə üz-üzədirlər. Buna baxmayaraq, bütün fəaliyyətlərini davam etdirirlər.

"Qürur hissi ilə deməliyəm ki, biz əsas biznes fəaliyyətlərimizi - "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından hasilat və ixrac əməliyyatlarımızı təhlükəsiz, etibarlı və səmərəli şəkildə davam etdiririk. Bundan əlavə "Şəfəq-Asiman" blokunda ilk geoloji-kəşfiyyat quyusunun qazılmasını davam etdiririk və onu bu ilin sonuna qədər qazıb bitirmək niyyətindəyik. Dayazsulu Abşeronda ilk kəşfiyyat quyusunu qazacaq qazma qurğusunda yenidənqurma işləri başa çatan kimi quyunu qazmağa başlayacağıq. Ümid edirik ki, bu da bu ilin sonuna qədər mümkün ola biləcək. D230 blokunda planlaşdırılmış 3-ölçülü seysmik tədqiqat proqramını bu ilin əvvəllərində tamamladıq və hazırda əldə olunmuş məlumatların emalını və interpretasiyasını həyata keçiririk. "Azəri-Çıraq-Günəşli" yatağının yeni platforması olan ACE-in (Azəri Mərkəzi Şərqi) tikintisini davam etdiririk. Baxmayaraq ki, pandemiyanın təsirləri tikinti işlərimizdən də yan keçməyib, amma hələ də planımız bu platformadan ilk nefti 2023-cü ildə əldə etməkdir", - deyə Aslanbəyli fikirlərini yekunlaşdırıb.