İDMAN

UFC “DQR bayrağına” görə erməni idmançını cəzalandırdı

Erməni idmançı qaydaları pozduğuna görə cərimələnib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib
Sputnik

BAKI, 7 avqust – Sputnik. Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb.

Sputnik Azərbaycan-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Glendale fighting club”un rəhbəri Edmond Tarverdyan açıqlayıb.

Azərbaycan UFC prezidentinə etiraz məktubu göndərib

Şahbazyanın şəxsi məşqçisi və meneceri olan Tarverdyan Ermənistan mətbuatına bildirib ki, avqustun 2-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 173” turniri çərçivəsində keçirilən döyüş zamanı idmançının öz küncündə qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağ”ını asması cəzasız qalmayıb: “Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin səfirlikləri bizdən şikayət ediblər ki, Edmen Şahbazyan oktaqona Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çıxıb. UFC rəhbərliyi bizi cərimələyib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib”.

Məşqçi səhv etdiklərini boynuna alıb: “Etiraf edim ki, biz səhv etdik. Müqavilənin bəndinə diqqət yetirməmişdik. Bunun cəzasını çəkməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yarışda erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırması ilə bağlı UFC-yə etiraz məktubu ünvanlayıb. Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.