BAKI, 31 iyul — Sputnik. Dünyanın koronavirus pandemiyası ilə mübarizədə resursları tükənməkdədir. İqtisadiyyat, maliyyə, bank sektoru, tikinti və digər sahələr durğunluq vəziyyətindədir. Neft, qaz və digər enerji daşıyıcılarına da tələbat, dövlət büdcəsinə daxil olan vergi və digər gəlirlər xeyli azalıb. Faydalı işlə məşğul olmaq əvəzinə evdə karantində oturmağa məcbur olan insanların da durumu ümumi vəziyyətə uyğundur.
Ukraynanın koronavirus fondunda heç bir vəsait qalmayıb
Bu günlərdə Ukraynanın maliyyə naziri Sergey Marçenko koronavirus epidemiyası üçün yaradılmış fondda heç bir vəsaitin qalmadığını bəyan edib. Nazirin bildirdiyinə görə, pulun çox hissəsi karantin dövründə zərər çəkmiş ukraynalıların durumunun yüksəldilməsinə yönəldilib. Marçenko dövlət gəlirlərinin xeyli azaldığını, hətta yerli seçkilərin də koronavirus fondunun hesabına maliyyələşdiyini qeyd edib. Ukrayna Radası koronavirusdan vəfat etmiş tibb işçilərinin ailələrinə yardım etmək barədə qanun da qəbul edib. Beləliklə, büdcə kəsiri üç dəfə artıb. Bir qədər öncə ölkənin baş naziri Denis Şmıqal da Ukrayna ÜDM-nin 4,8 faiz azalacağını proqnozlaşdırmışdı. Baş nazirin fikrincə, beynəlxalq maliyyə təşkilatlarının yardımı olmadan Ukraynanı “maliyyə defoltu uçurumu” gözləyir.
Ukrayna vəziyyətin acınacaqlı olduğunu açıq-aydın boynuna alan tək dövlət deyil. Böyük maliyyə imkanları, kifayət qədər güclü iqtisadiyyatı, elmi potensialı olan Avropa Birliyi də vəziyyətin ağır olduğunu dəfələrlə bildirib. AB-nin rəsmi kanalı olan “Euronews” televiziyası günlərlə Avropada milyonlarla gülü, kahını, xiyar-pomidoru məhv etməyə məcbur olan holland, fransız, ispan fermerlərindən, obyekti bağlayıb zərərə düşən restoran sahiblərindən, pendirini çölə tökən italyan iş adamlarından süjet hazırlayır.
İnsan rahatlığı üçün ətraf mühiti məhv etməyə hazırıq
Pandemiyanın törətdiyi problemləri həll etmək üçün Avropa Birliyi 750 milyard avro pul sərf etməyə hazırlaşır. ABŞ böhranı dəf etməyə 4, Yaponiya isə 1,1 trilyon dollar vəsait sərf edəcək. Özü də bu son rəqəm deyil. Yəqin, ziyanın həcmi daha çox olacaq. Ümumilikdə, dünya üzrə pandemiyanın vurduğu zərbəni qarşılamaq üçün 10 trilyon dollar xərclənməlidir.
Dünyanın maliyyə sistemi borc və kredit üzərində qurulub. AB, ABŞ və Yaponiya kimi ölkələrin az-çox resursu var, amma Ukrayna artıq indidən imkansız olduğunu dilə gətirir. Hər hansı bir yüngül çətinlik bəşəriyyətin nə qədər ağır durumda olduğunu açıq-aydın üzə çıxarır. Böhranın biri gəlib, o birisi gedir, birtəhər yola veririk, amma yaratdığımız maliyyə və iqtisadiyyat modeli olduqca kövrəkdir. Bu model yalnız və yalnız Yer kürəsi resurslarının məhvinə yönəlib, insan rahatlığı üçün ətraf mühiti məhv etməyə hazırıq, amma ekologiyanı məhv etdikcə həyatımız daha da ağırlaşır. Quraqlıq, daşqınlar, təbii fəlakətlərin sayı durmadan artır.
ABŞ-da bir xəstənin sağalması haradasa 75 min dollara başa gəlir
Bir koronavirus xəstəsi dövlət büdcəsinə neçəyə başa gəlir? Hər ölkədə məbləğ müxtəlifdir. Qazaxıstanda koronavirusa yoluxmuş insanın bir gününə orta hesabla 60, Azərbaycanda yüngül xəstəyə 80, ağır xəstəyə isə 150 manat xərclənir. ABŞ-da bir xəstənin sağalması haradasa 75 min dollara başa gəlir. Rusiyanın mərkəzində, məsələn, Sankt-Peterburqda orta vəziyyətdə olan xəstənin müalicəsi 2000, ağır vəziyyətdə olan pasiyentin isə müalicəsi 3000 ABŞ dollarına başa gəlir. Hər gün milyardlarla maska, rezin əlcək zibilə atılır, milyon tonlarla dezinfeksiyaedici məhlullar çölə tökülür, heç bir ölkə koronavirus testini kifayət qədər istehsal edə bilməyib. Hələ uzun müddət bu testlərin qıtlığı duyulacaq.
İqtisadi fəaliyyəti dondurub insanları karantində evdə saxlamaqla nəticə əldə etmək olacaqmı? Müəyyən dərəcədə - bəlkə də. Amma dövlət qurumları tam gücündə işləmirsə, vergi toplanmırsa, biznes fəaliyyəti yoxdursa, koronavirusa necə qalib gələcəyik? Hansı vəsaitlə?
Cəmi 8 ay müddətinə o qədər də dəhşətli olmayan bir virus dünyanı dəhşətli dərəcədə parçaladı, iqtisadiyyatı çökdürdü, bütün əhəmiyyətli məsələlərin həllini arxa plana çəkdi. Bununla belə çəkilib getmədi, hələ aramızda yaşayır, yaşamaqda da davam edəcək. Koronavirusa qalib gəlməyin yolu məhz kollektiv immunitet qazanmaqdan keçir. Bu olmasa, elə ömrümüzün sonuna kimi evdə karantində qalmağa məhkumuq.
Kollektiv immunitetə hələ çox var
Kollektiv immunitet necə qazanılır və onun qazanılması bizə nə vəd edir? Kollektiv immunitet deyəndə, əhalinin böyük hissəsinin hər hansı bir xəstəliyə tutulması, ona qarşı davamlı immunitet qazanması və bu yolla xəstəliyin yayılma zəncirinin qırılması nəzərdə tutulur. Alimlər kollektiv immunitet faizində fərqli fikir yürüdürlər.
Böyük Britaniyanın Nottingem və İsveçin Stokholm universitetlərinin riyaziyyatçı alimlərinin hazırladığı riyazi model əhalinin 43 faizinın xəstəliyə tutulması və peyvəndlənməsi nəticəsində kollektiv immunitet qazanmasının mümkünlüyünü sübuta yetirib. Bir sıra rusiyalı virusoloqlar faiz dərəcəsinin ən azı 50 civarında olmasını iddia edirlər. Bəzi alimlər bu göstəricinin 70 faiz olmasının tərəfdarıdırlar.
Kollektiv immunitet olmalıdır. Özü də bu prosesin peyvənd yolu ilə baş tutacağına da ümid azdır, peyvənd hələ yoxdur, nə vaxt olacaq? Kütləvi istehsalı da illər aparacaq. Xəstələnib immunitet qazanmalıyıq, hələlik dünya üzrə xəstələnlərin rəsmi sayı 15 milyonu ötüb. Yəni Yer əhalisinin cəmi 2 faizi xəstələnib. Kollektiv immunitetə hələ çox var. 8 aylıq durğunluq 10 trilyon ABŞ dollarına başa gəlibsə, prosesin bu tempdə davam etməsi illərlə yaradılmış ticarət sistemini tam məhv edə bilər. Bir çox bölgədə qida qıtlığı, təmiz su ehtiyatının kəskin azalması, dərman preparatlarının çatışmazlığı gözlənilir.
İnsan itkisi milyonlar yox, milyardlarla ölçülə bilər
Koronavirusla bu cür mübarizə üsulları hazırkı dövrün düşüncə tərzinə tam uyğundur. Yəni insan bizim ekosistemin ən vacib və mühüm elementi sayılır, onun həyatının qiyməti olduqca yüksəlib. Ən ümidsiz xəstəni belə illərlə aparatda süni yolla saxlamaq normaya çevrilib, amma bu, ekoloji qanunlara ziddir. Təbiətdə olan ehtiyatlar olduqca məhdud, bizim isə ətraf mühitə yanaşmamız yanlışdır. Dünya okeanı, su resursları, enerji ehtiyatları vəhşicəsinə məhv edildikdə, bir zaman daha dəhşətli fəlakətlə üz-üzə durmalı olacağıq. Kiçik bir qığılcım dünyanın alovlandırıb məhvə apara bilər. Onda insan itkisi milyonlar yox, milyardlarla ölçülə bilər.
Bəşəriyyət bu gün ilk növbədə təbii ehtiyatları mümkün qədər qənaətlə xərcləməyi, daha effektiv texnologiyaları ortaya qoymağı, dünyanı daha ağılla idarə etməyi öyrənməlidir. Ətraf mühiti məhv etməklə koronavirusdan dəfələrlə dəhşətli xəstəliklərə yol açmış oluruq. Ukrayna büdcədə virusla mübarizə üçün vəsaitin olmadığını dilə gətirən dövlətlərdən biridir. Amma belə halların artacağı və bu mübarizə modelindən imtina edəcəyimiz qaçılmazdır.