CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub

Ekspert deyir ki, Azərbaycanda işsizlər ordusu rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. Eyni zamanda, etiraf etmək lazımdır ki, bu şəxslərin bir qismi qeyri-rəsmi şəkildə çalışır.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Koronavirus pandemiyası ağır xəstəliyə, ölümlərə səbəb olmaqla yanaşı, digər bəlalar da gətirib. Bütün dünya dərin iqtisadi böhran içindədir. Ölkələr arasında sərhədlər bağlanıb, turizm sektoru iflic olub.

Xəstəliyin gətirdiyi əsas bəlalardan biri də işsizlik oldu. Dünyada iş yerləri ilə bağlı ciddi problem yaşanır. Bir çox məşhur, nəhəng şirkətlər belə, virusun gətirdiyi iqtisadi problemlərə qarşı duruş gətirə bilməyərək, iş yerlərinin bağlandığını elan edirlər.

190 manatla bağlı Qərargahdan açıqlama

Azərbaycanda da bəzi sahələrdə fəaliyyət dayandı. Qısamüddətli və uzunmüddətli perspektivdə bir çox insanlar işsiz qalıblar. Ekspertlər, itirilmiş iş yerlərinin hamısının tezliklə bərpa olunacağını proqnozlaşdırmırlar. Yəni, bu xəmir hələ çox su aparacaq.

Maraqlıdır, ölkədə işsizliklə bağlı son durum necədir?

İqtisadçı-ekspert Natiq Cəfərli son vəziyyəti Sputnik Azərbaycan-a şərh edib bildirib ki, rəsmi və dolayı olan rəqəmlər işsizliklə bağlı müəyyən təsəvvürlər yaradır: "Təkcə yanvarın 1-nə olan məlumatlara görə, ölkədə 5 milyon 700 minə yaxın əmək qabiliyyətli vətəndaş yaşayır. Rəsmi statistikaya əsasən də onların hansı sahələrdə çalışdığını görə bilirik. Bu şəxslərin 1.6 milyonu əmək müqaviləsi ilə çalışanlar idi, 1 milyon 700 mini fermer kimi qeydiyyatdan keçmişdi, 600 minə yaxın isə fərdi sahibkar var idi. Pandemiyanın, karantin rejiminin gətirdiyi özəlliklərdən biri bu oldu ki, ölkədə işsizliklə bağlı rəqəmlər hətta ən yüksək səviyyədə belə, tənqid olundu. Bununla da indiyə kimi açıqlanan məlumatların doğru olmadığı, məlumatlarda problemlər olduğu aşkara çıxdı. Məlum oldu ki, işsizlərin sayı açıqlanan rəsmi rəqəmlərdən xeyli çoxdur. Pandemiya dövründə işsizlərə yardım kimi 600 min nəfərə 190 manat verildi və bəzi məlumatlara görə, daha on minlərlə insan haqqı olsa da, bu və ya digər səbəbdən 190 manat ala bilmədi. Belə çıxır ki, hazırda işsizlərin sayı 600 mindən də çoxdur".

"Başqa bir məsələ də var. Etiraf edək ki, bizdə qeyri-rəsmi iş yerləri də çoxdur. İqtisadiyyatın elə sahələri var ki, orada qeyri-rəsmi işləyənlər üstünlük təşkil edir. Məsələn, Azərbaycanda turizm sahəsində rəsmi çalışanların sayı 24 min, müqaviləsiz çalışanalrın sayı isə bundan təxminən 3-4 dəfə çox idi. Turizmin hazırda tamamilə fəaliyyətini dayandırması ən azı 24 min insanın işsiz qalmasıdır", - deyə ekspert əlavə edib.

N.Cəfərli bildirib ki, ictimai-iaşə sektorunda da qeyri-rəsmi çalışanların sayı 10 minlərlə olub və bu şəxslər də artıq 4 aydır ki, işləmir: "Bundan başqa, şəhərlərarası nəqliyyatdaşımada da qeyri-rəsmi çalışanlar vardı. Hazırda məhdudiyyətlərin olması bu sahədə də işsizliyin olduğunu deməyə əsas verir. Bundan başqa, eyni vəziyyəti tikinti sahəsində də müşahidə etmək olar. Artıq ölkədə hökumətdən asılı olmayan səbəblərdən bəlkə də yüz minlərlə işsiz ordusu yaranıb".