Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 27 iyul — Sputnik. Koronavirusla bağlı vətəndaşlardan götürülən testin nəticəsi ilə bağlı səhv məlumatın göndərilməsi insanlar arasında ciddi narahatlığa səbəb olub. Hətta indiyədək koronavirusa görə müalicə olunan şəxslər də testin nəticəsindən şübhələnməyə başlayıblar. Sputnik Azərbaycan testin cavablarının səhv göndərilməsinin səbəbini və cavabların həmin şəxslərin səhhətinə təsirini araşdırıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burada TƏBİB-in günahı yoxdur: “Burada da biz daxil olmaqla bir çox qurumun əməkdaşı yer alıb. Son nəticə isə Operativ Qərargah tərəfindən yayılır. TƏBİB tibb müəssisələrində xəstələrin müalicə işinin təşkili ilə məşğuldur. Bizim İT şöbəmiz yoxdur”.
R.Əliyeva bildirib ki, bu xəta günlük statistikaya təsir etməyib: “Vətəndaşlara göndərilən SMS-lərdə baş verən xətanın günlük açıqlanan statistikaya və ya e-TƏBİB sisteminə heç bir aidiyyəti yoxdur. Səhv ancaq göndərilən SMS-lərdə olub”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat katibi Aynurə Əhmədova Sputnik Azərbaycan-a açıqlamasında 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta olduğunu, buna görə üzr istənildiyini bildirib:
“Bir daha xatırladırıq ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub. Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyuldan, yəni bu gündən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Bir daha sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.
Qeyd edək ki, İTSDA bundan başqa sualları cavablandırmaqdan imtina edib.
Odur ki, qaranlıq qalan bəzi məqamlara ekspertlərin köməyilə aydınlıq gətirməyə çalışdıq.
İKT üzrə ekspert Osman Gündüz bildirib ki, baş verənlər insan sağlamlığı və xüsusən də koronavirus infeksiyası ilə bağlı olduğundan və dövlət qurumu tərəfindən gerçəkləşdiyindən kifayət qədər ciddi hadisədir. Ekspert deyir ki, dövlət tərəfindən TƏBİB qarşısına dayanıqlı və keyfiyyətli tibbi xidmət göstərilməsi vəzifəsi qoyulub: "Düşünürəm ki, cavabdeh qurumlar bunun fərqində olmalıdır. İlkin araşdırmalar onu deməyə əsas verir ki, its.gov.az portalı və onun üzərində olan elektron xidmətlər ASAN və eGov Mərkəzi ilə əlaqələndirilmədən, güman ki, tez başa çatması üçün tender keçirilmədən qapalı satınalma əsasında TƏBİB tərəfindən yaradılıb. Müşahidələr onu deməyə əsas verir ki, portal və xidmətlər əsasən NK yanında Operativ Qərargaha tabedir. Baza isə NRYTN yanında AzİnTelekom Data Mərkəzində yerləşir. Adətən bu tip səhvlər sistemin proqram təminatı ilə bağlı olur. Proqram təminatının hansı qurum tərəfindən hazırlanması haqqında məlumat verilməyib.
Bu sistemin proqram təminatında problem ola biləcəyi inandırıcı görünmür. Çünki sistemin proqram təminatında alqoritmlərin düzgün qurulmaması indiyədək göndərilən SMS-lərin də səhv olması demək olardı. Lakin bildirildiyinə görə, 25 iyul tarixədək belə səhvlər olmayıb. Bununla belə düşünürəm ki, alqoritmlərlə bağlı sistemin bir daha testdən keçirilməsi faydalı olardı. İlkin araşdırmalar isə onu deməyə əsas verir ki, bu cür yanlış məlumatlandırma daha çox sistemdən istifadə ilə, yəni insan amili ilə bağlı olub. Güman etmək olar ki, məlumatlandırma sistemi tam elektronlaşmayıb. Yəni düşünmək olar ki, analiz verənlərin mövcud bazası üzrə COVID-19 testlərinin nəticələrinin emal olunması tam olaraq avtomatik deyil, müəyyən hissəsi TƏBİB operatoru tərəfindən həyata keçirilir.
Ola bilər ki, sistemin istifadəçiləri məlumatları emal edərkən və zəruri ünvanlara göndərərkən tələskənliyə və diqqətsizliyə yol veriblər. Nəticədə hazır SMS məlumatları səhv baza seçimi üzrə yanlış ünvanlara göndərilib. Beləliklə düşünmək olar ki, baş verənlər səhlənkarlıq və məsuliyyətsizlik ucbatından baş verib. Görünür ki, qurumda elektron xidmətlərin təqdim edilməsi ilə bağlı çatışmazlıq və qüsurlar var.
Eyni zamanda düşünürəm ki, dövlət xidmətlərinin keyfiyyətinə və eGov-a cavabdeh olan ASAN da bu cür ictimai əhəmiyyətli elektron xidmətin hazırlanması və keyfiyyətinin qiymətləndirilməsinə gərək zamanında diqqət yetirəydi. Təəssüf ki, bu cür əhəmiyyətli e-xidmətin hazırlanmasında adı çəkilən qurumlar arasında koordinasiya olmayıb. Düşünürəm ki, aidiyyəti qurumlar baş verənlərdən nəticə çıxarmalıdır, günahkarlar cəzalandırılmalı və bu tip yanlışlıqların təkrarlanmaması üçün tədbirlər görülməlidir”.
O ki qaldı koronavirus nəticələri barədə səhv məlumatın göndərilməsinin həmin şəxslərin sağlamlığına təsirinə, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məlumatın səhv göndərilməsinin insanlara daha çox psixoloji təsiri var: “Gün ərzində 8-9 min adam testdən keçirilir. Bu səhvin olması mümkündür”.
Ə.Rüstəm deyir ki, nəticəsi pozitiv çıxanlar özlərində heç bir simptom hiss etmədikləri halda dərman içiblərsə, səhv ediblər:
“Əvvəlcədən bəyan edilmişdi ki, simptomu olmayanlar dərman qəbul etməsinlər. Sadəcə vitamin qəbul etsinlər. Amma kimsə özündə narahatlıq hiss edib dərman qəbul edibsə, bunun da ciddi ziyanı olmayacaq. Çünki koronavirus müalicəsi virus əleyhinə müalicədir. Onun ciddi mənfi təsiri ola bilməz. Düşünürəm ki, bu, daha çox cavabı müsbət gələnlərə və mənfi cavab alıb əslində nəticəsi müsbət çıxanlara təsir edəcək. Onlar psixoloji sarsıntı yaşaya bilərlər”.
Ə.Rüstəm deyir ki, koronavirus testlərinin nəticələrində yanlışlığın olması da mümkündür: “Bu, şərti testdir. 1 faiz səhv olma ehtimalı var. Nəzərə almaq lazımdır ki, testlər kütləvi müayinə üçündür. Ona görə də mən tövsiyə edirəm ki, nəticəsi müsbət olanlar özlərində narahatlıq hiss edirlərsə, mütləq KT müayinəsindən də keçsinlər. Çünki koronavirusun müəyyən kliniki əlamətləri bu cür müayinələr zamanı özünü göstərir. Daha dəqiq cavabı isə PZR-test ilə (Polimeraz zəncirvari reaksiya) əldə etmək olar".