SƏHİYYƏ

Saatda 320 kilometr sürətlə... Yoluxma əsasən bu yerlərdə qeydə alınır

Qapalı bir yerdə virusa məruz qalmış şəxslə bir yerdə, bir mühitdə olmaq böyük risk yaradır. Hətta bu şəxslər bir-birindən 15 metr uzaqda olsalar belə, çox cüzi bir virus dozası onların yoluxmasına səbəb ola bilər
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Bu gün dünyanın bəzi ölkələrində COVID-19-a yoluxma faktlarında müəyyən qədər də olsa azalmanın olması hələlik bu mövzuda rahat olmağımıza, sərbəst davranmağımıza imkan vermir.

Pandemiya ilə bağlı vəziyyəti yaxından izləyən, immun sistemi üzrə dünyaca məşhur olan mütəxəssis Erin Bromage bir sıra vacib sualları cavablandıraraq bildirib ki, əhalinin sıx məskunlaşdığı ərazilərdə bu gün risklər daha çoxdur. “Bəs insanlar daha çox necə yoluxurlar” sualına cavab olaraq Bromage bildirib ki, bu gün əksər hallarda ailənin bir üzvi yoluxaraq digər üzvləri də yoluxdurur.

Payızda koronavirusun ikinci dalğası olacaq, amma günəş bizi xilas edəcək

Ekspert deyir ki, parklar qapalı yer sayılmadığından bu yerlərdə maskasız gəzənlər elə də təhlükəli hesab olunmur. Çünki nəfəsdən yayılan mikrob qısa zamanda havada yox olur ki, bu da COVID-19-a yoluxmağa imkan vermir.

O xüsusən də öskürək və asqırma zamanı COVID-19-un yayılma riskinin yüksək olduğunu deyib. Ekspert deyir ki, tək bir öskürək virusu saatda 80 kilometr sürətlə 3 min damcı həcmində yayır: "Bu damcıların əksəriyyəti böyük ölçülüdür və yerə sürətlə düşə bilərlər. Ancaq onların bir qismi havada asılı qalaraq bir otaqdan digərinə keçə bilər. Tək bir asqırıq isə 30 min damcı yayır ki, bu da daha çox qapalı yerlərdə saatda 320 kilometr sürətlə yayılma deməkdir. Bu səbəbdən qapalı yerlərdə, məsələn liftdə kimsə öskürür, yaxud da asqırırsa, bu zaman sizin üçün risk 10 qat artır. Çünki əgər bir insan yoluxubsa, tək bir öskürək və ya asqırıqdakı damcılar 200 milyona qədər virus hissəcikləri yarada bilər. Yaxud, əgər bir insanla üz-üzə danışırsınızsa, bu şəxs öskürür və ya asqırırsa, bu zaman 1000 virus hissəciyini içinizə çəkib yoluxa bilərsiniz. Hətta öskürək və asqıraq zamanı həmin qapalı yerdə olmasaz belə, sonradan orada olmanız da risk yarada bilər. Çünki virus bir neçə dəqiqə havadan asılı qala bilər".

"Tək bir nəfəs 50-5000 damcı yaya bilər. Bu damcıların əksəriyyətinin sürəti aşağıdır. Lakin ağızdan fərqli olaraq burundan nəfəs alıb-verdikdə risk daha aşağı olur", - deyə həkim əlavə edir.

O bildirir ki, istənilən qapalı yerlər, insanların sıx toplaşdıqları məkanlar COVID-19-a yoluxmaq üçün riskli sayılır: "Qapalı bir yerdə virusa məruz qalmış şəxslə bir yerdə, bir mühitdə olmaq böyük risk yaradır. Hətta bu şəxslər bir-birindən 15 metr uzaqda olsalar belə, çox cüzi bir virus dozası onların yoluxmasına səbəb ola bilər. Bu gün havalandırma sistemi pis olan yerlər böyük risk mənbəyidir. Peşə olaraq isə sırf bu cür xəstələrlə çalışanlar, o cümlədən də diş həkimləri risk qrupu hesab edilir. Bundan başqa, qapalı mühitdə çalışan müəllimlər də risk qrupuna daxildir".

Həkim tövsiyə edir ki, hər hansı bir yerə getməzdən öncə həmin yerin havalandırma sisteminin necə olmasını, adam sayının nə qədər olmasını və nə qədər zaman keçiriləcəyini nəzərə almaq lazımdır.

Rusiyalı nazir müavini: “Koronavirusa qarşı peyvənd hazırdır”

Risk qrupunun az olduğu yerlərdən biri yaxşı havalandırma sisteminin olduğu və az adamların olduğu yerlərdir.

Ekspertlər Azərbaycanda daha çox yas yerlərində yoluxma faktlarının qeydə alındığını bildirir. Bəs yas yerlərindən başqa hansı yerlər risk faktorudur?

Ekspert Adil QeybullaSputnik Azərbaycan-a açıqlamasında bildirir ki, ümumiyyətlə qapalı məkanların hamısı yoluxma mənbəyi sayılır: "Azərbaycanda insanlar qaydalara əməl etmirlər, maskasız gəzirlər, sosial məsafə gözləmirlər. Məsələn kondisioner işləyir və bu mühitdə 2-3 COVID-19 xəstəsi varsa, bu artıq virus üçün kifayət edir. Çünki bu şəxslərin bəzilərində temperatur olmur, bəziləri maska taxmırlar. Bu isə kifayət edir ki, burun yolu ilə ifraz edilən mikroblar kondisioner vasitəsiylə ümumi mühitə yayılsın".

"Vətəndaş qapalı məkana maskasız daxil olmamalı, sosial məsafəni saxlamalıdır. Amma biz bunları karantin qaydaları yumşaldıqdan sonra görmədik və bu da böyük bir yoluxma potensialı yaratdı. Həmin vəziyyət hələ də davam edir", - deyə ekpert əlavə edib.

A.Qeybulla bildirir ki, metronun fəaliyyəti dayandığından bu gün bütün yük avtobusların üzərinə düşür: "Belə olan halda, yəni ictimai nəqliyyatda insanların sıx şəkildə olması da yoluxma üçün şərait yaradır. Karantin qaydalarının yumşaldığı vaxtda insanların çox üz tutduqları restoran və kafelərdə qaydalara əməl edilmirdi".