Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 22 iyul – Sputnik. Bu gün Quba rayonunun Zərdabi qəsəbəsində görkəmli ədib, milli mətbuatın əsasını qoyan Həsən bəy Zərdabinin abidəsinin açılışı olub.
Zərdabinin abidəsinin ucaldılması ideyasını tanınmış jurnalist Aytəkin Alxaslı ötən il Milli Mətbuat Günündə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin mətbuat işçiləri ilə görüşü zamanı irəli sürüb. İcra başçısı bu il Mətbuat Gününə qədər bu arzunu reallaşdırıb.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, abidə Həsən bəy Zərdabinin adını daşıyan və tamamilə yenidən qurulmuş istirahət parkında ucaldılıb. Tədbirdə yerli icra hakimiyyətinin rəhbər şəxsləri, regiondakı mətbuat və media qurumlarının əməkdaşları iştirak ediblər.
Görkəmli ədibin xatirə kompleksinin mərkəzində postament üzərində qoyulan abidənin hündürlüyü 1,65 metrdir. Abidənin müəllifi heykəltəraş-rəssam Şıxəli Təhməzovdur.
Üç hektar ərazisi olan parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılıb. Parka səki daşları döşənib, idman sahələri salınıb. Parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilib.
Park ən çox Zərdabi qəsəbəsinin sakinlərini sevindirib. Onlar rayon icra başçısına və bu işdə əziyyəti keçən bütün şəxslərə təşəkkürlərini bildirdirdilər.
Görüşdə regionda fəaliyyət göstərən jurnalistlər çıxış edərək ölkəmizdə media nümayəndələri üçün yaradılan şəraitdən söz açıblar. Daha sonra media nümayəndələrinə icra başçısının təltif etdiyi mükafatlar təqdim olunub. Onlar arasında Sputnik Azərbaycan-ın bölgə müxbiri Leyla Abdullayeva da olub.