Nazirlik Baş Qərargah rəisinin işdən çıxarılması ilə bağlı iddialara aydınlıq gətirib

Son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Müdafiə Nazirliyi son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

"Bu xəbərlər yalandır, iftiradır və qarşı tərəfin təxribat məqsədilə yaydığı dezinformasiyadır. Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir.

Bildiririk ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir.

Eyni zamanda qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıkovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır.